DataLife Engine > son, Cəmiyət, Mədəniyyət > Xurşidbanu Natəvan ömrünün poetik salnaməsi

Xurşidbanu Natəvan ömrünün poetik salnaməsi

Xurşidbanu Natəvan ömrünün poetik salnaməsi

Ədəbiyyat tariximizdə dərin iz qoymuş şairlərdən olan Xurşidbanu Natəvanın adı gələndə bu gün gözlərimiz önündə düşmən tapdağı altında inləyən gözəl Qarabağımız canlanır. Qarabağ ədəbi mühitinin formalaşmasına, inkişafına mühüm təsir göstərən Natəvan xalqımızın milli-mədəni irsinin zəhginləşməsinə də böyük töhfələr vermişdir. Onu da qeyd edək ki, Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir.
O, rəssamlıqla, tikmə sənəti ilə də məşğul olmuşdur. Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri vardır. Xeyriyyəçi, messenant və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olmuş Xan qızının həyatı, fəaliyyəti ilə bağlı müxtəlif araşdırılmalar aparılmış, onun əsərlərindən ibarət kitablar müxtəlif dillərə tərcümə olunaraq işıq üzü görmüşdür.

Natəvan haqqında yazılmış əsərlərdən biri də Göyçay ədəbi mühitinin yetirməsi Qalib Nuri Arifin “Xan qızı Natəvan” poemasıdır. Poemanı oxuyarkən ilk öncə biz sanki bir tarixçinin xronoloji qeydləri ilə rastlaşırıq. Natəvan tarixi şəxsiyyət olduğu üçün müəllif onun yaşadığı dövrü, doğulandan ta ömrünün son günlərinədək keçən zamanı tarixi ardıcıllıq pozulmadan bədii təsir vasitələri ilə mükəmməl bir şəkildə verərək onun haqqında oxucuda tam təsəvvürün formalaşmasına imkan yaradır. Poemada müxtəlif sürətlər, onların bədii cizgiləri mövzunu rəngarəng etsə də, hadisələrin bir ana xətt üzrə inkişafı, xeyirlə-şərin, yaxşı ilə pisin üzbəüz qoyulması bir insan taleyini, onun yaşantılarını qabarıq şəkildə vermək üçün işlədilən bədii pryom şəklində özünü ehtiva edir və oxucunun diqqətindən kənarda qalmır. Natəvan əzabkeşdir, sadəlik timsalıdır, ancaq mübarizdir, qətiyyətlidir.

Qalib Nuri Arifin Natəvanı həm də maarifçidir. O, kimliyini, milli mənsubiyyətini və doğulduğu torpağın tarixini dərindən bilir, onu gələcək nəsillərə çatdırmaq üçün maariflənməyə ehtiyacın olduğunu dönə-dönə vurğulayır və öz hesabına Şuşada məktəb tikintisinə başlanmasına göstəriş verir. Poemada düyünün açılması, yəni razvyazka bundan sonra başlayır və məktəb tikintisi zamanı burada çalışan, çarın qərarı ilə bir zaman tarixi Azərbaycan torpaqlarına yerləşdirilən hayların iç üzü, onların hələ o zaman torpaq iddiasında olmaları gələcək ziddiyyətlərin əsasını qoyur. Bu, bir tarixi həqiqətdir ki, iki əsr bundan öncə qədim Azərbaycan torpaqlarına yerləşdirilən haylar ilk gəldikləri gündən yaşayış yerlərinin, tarixi yer-yurd adlarının, abidələrin adlarının dəyişdirilməsi ilə məşğul olmuş, sonralar bunu dövlət siyasətlərinin tərkib hissəsinə çevirmişlər.

Əsərdən də göründüyü kimi Akop divara xaçı naxış, ornament, gözəllik kimi vurduğuna usta Şiralını inandırmaq istəyir. Lakin o, bu hay xislətini və hiyləsini anlayır, onu tutduğu əməldən çəkindirməyə çalışır və cavabı belə olur: Dedi: Ey yaramaz, sən haqqını bil, Nə torpaq, nə də daş sizinki deyil... Xan qızının Akopa öz yerini göstərməsi, bura gəlmə olduqlarını xatırlatması onun düşmənləri üçün göydəndüşmə olur. Xan qızı bilirdi ki, nə zamansa bu “gəlmələr”dən, bu arxalı köpəklərdən və onların dəyirmanına su tökənlərimizdən ona xətər toxunacaq...

Poemanı başdan-ayağa təhlil etmək, onun bədii məziyyətləri haqqında geniş fikir söyləmək iddiasından uzağam. Lakin ədalət naminə demək və yazmaq istəyirəm ki, Qalib Nuri Arif tək bir şair, qadın ömrü yaşamaqla kifayətlənməyən, xalqın yaddaşına xilaskar, xeyriyyəçi kimi həkk olmuş Xan qızı Natəvanın ömrünə işıq tutmaqla, onu bir daha insanlara sevdirmək kimi faydalı bir işə qol qoyan, onun haqqında böyük bir poema yazmaqla öz vətəndaşlıq borcunu yerinə yetirməyə çalışıb.
[xfgiven_ingredients]
[xfvalue_ingredients]
[/xfgiven_ingredients]