» » Milli Məclisdə Dağlıq Qarabağ məsələsi müzakirə oluna bilər

Milli Məclisdə Dağlıq Qarabağ məsələsi müzakirə oluna bilər

Milli Məclisdə Dağlıq Qarabağ məsələsi müzakirə oluna bilər

Milli Məclisin payız sessiyasının ilk iclası keçirilir. Musavat.com-un parlament müxbirinin verdiyi məlumata görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən ilk plenar iclasın gündəliyinə 39 məsələ daxil edilib.

Gündəlikdəki məsələlərin əksəriyyəti isə qanunlara edilən əlavə və dəyişiklərlə bağlıdır. “Hərbi qulluqçuların statusu haqqında”, “Diplomatik xidmət haqqında”, “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Qaz təhcizatı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında” qanunlara, Torpaq Məcəcləsinə, İnzibati Xətalar Məcəlləsinə, Mülkü Məcəlləyə və s. sənədlərə dəyişikliklərin edilməsi gözlənilir.

Payız sessiyasının iş planının müzakirəsi zamanı çıxış edən deputat Musa Quliyev çıxışı zamanı həmkarlarını salamladıqdan və qarşıdakı seçkilərdə iddialılara uğurlar arzuladıqdan sonra ölkədəki lal-kar uşaqların problemlərindən danışdı. Qeyd etdi ki, uşaqların vaxtında əməliyyat edilməsi nəticəsində lal-karlığı aradan qaldırmaq mümkündür.

Onun sözlərinə görə, hər əməliyyatın 20 min manata başa gəldiyini nəzərə alsaq, təqribən 2,5 mln. manat vəsait tələb olunur. Deputat bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif etdi. Deputat müəllimlərə və həkimlərə ipoteka verilməsi məsələsindən də danışdı. Dedi ki, onların maaşı şərtlərlə uyğun gəlmədiyi üçün onların sosial ipoteka alması mümkünsüz olur. Odur ki, qanunvericilikdə müəllim və həkimlərin xüsusi kateqoriya kimi göstərilməsini zəruri saydı.

Zahid Oruc cəbhədə baş verənlərlə bağlı yayılan informasiyalara diqqət çəkdi. “Mən təklif edirəm ki, KİV haqqında qanunvericiliyə dəyişikçlik olsun” deyən Z.Oruc mətbuatda əksini tapan bəzi materiallardan düşmənin də istifadə etdiyini vurğuladı: “Məsələn, bir neçə gün əvvəl Azərbaycan əsgəri düşmənə sarsıdıcı zərbə vurdu. Amma bu xəbərlər neçənci sırada yer aldı. Bəlkə də belə bir qayda qoyulmalıdır ki, Müdafiə Nazirliyinin xəbərləri, bəyanatları birinci yerdə qoyulmalıdır. O vaxta qədər ki, Qarabağ məsələsi həllini tapacaq”.

Z.Oruc hər iki valideynini itirmiş uşaqların pulsuz təhsi aldığını, lakin magistratura pilləsinin ikinci ilində həmin gənclərin güzəştlərdən məhrum olduğunu xatırlatdı və 23 yaşlı gənclərin də güzəştlər kateqoriyasına aid edilməsini təklif etdi.

“Biz tələbə qəbulu ilə bağlı xüsusi qanun qəbul etməliyik” deyən Z.Oruc bildirdi ki, artıq tələbə qəbuluna uzanan əllər kəsilib. Ancaq eyni zamanda Azərbaycan gənclərinin xaricdə təhsilə üz tutmasını nəzərə alıb, qanunvericiliyə dəyişikliyi zəruri saydı.

Qənirə Paşayeva həmkarı M.Quliyevin təklifini müdafiə etdi: “Onlarla övladlarımız doğulur, ancaq eşitmə və danışmaq qabiliyyəti olmadan... Zamanında biz onlarla bağlı əməliyyata dəstək olsaq, bu uşaqları xilas edə bilərik. Üstəlik, dövlət daha böyük vəsaitlər xərcləməz”.

Xanım deputat müəllim və həkimlərin xüsusi güzəştlərlə sosial ipoteka alması barədə təşəbbüsü də müdafiə etdi. Q.Paşayeva “Repreduktiv sağlamlıq haqqında” qanun layihəsinin də müzakirəyə çıxarılmasını təklif etdi: “Bizə övladları olmayan onlarla ailə müraciət edir ki, bu qanun layihəsi müzakirəyə çıxarılsın və dövlətin yardımından istifadə etmək mümkün olsun”.

Deputat ictimai yerlərdə siqaretin çəkilməsini qadağan edən qanun layihəsinin də hazır olduğunu dedi və onun müzakirəsinə çağırdı.

Əli Məsimli parlamentin payız sessiyasında “Təhsil haqqında” Qanunun tələblərindən irəli gələn bir sıra qanunların qəbulunu zəruri saydı. Deputat ipoteka kreditlərinə 200 milyon manat vəsaitin ayrılmasını vurğulayaraq, qeyd etdi ki, bununla dövlətin gənclərin problemlərinin həllinə diqqətini daha da artırdığını vurğulaya bilərik.

Ə.Məsimli bununla yanaşı sosial evlərlə bağlı addımların atılmasını da vacib saydı: “Bu gün orta aylıq əmək haqqı 500 manat, təhsil haqları isə 1500-5000 manat arasındadır. Hər 3 tələbədən 2-si ödənişli təhsil alır. Odur ki, təhsil kreditləri ilə bağlı məsələyə baxılması zəruridir”.

Qüdrət Həsənquliyev cəbhədəki vəziyyətdən bəhs etdi və parlamentdə Qarabağ məsələsinə dair xüsusi iclasın keçirilməsini zəruri saydı. Bildirdi ki, Azərbaycan ordusu düşmənə zərbə endirəndən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin öz narahatlığını ifadə etməsi onların mahiyyətini ortaya qoydu: “Bu hadisə bir daha sübut etdi ki, 23 ildir, formalaşdırılan Minsk qrupu status-kvonu qoruyub saxlamaq fikrindədir. Və işğalçı dövlətə qarşı hər hansı sanksiya tətbiq etmək, yaxud təzyiq göstərmək fikrində deyil. Bu hadisələrdən sonra Qarabağ məsələsi mütləq Milli Məclisin gündəliyinə salınmalıdır. Biz ölkənin müdafiə və xarici işlər nazirlərini, KİV nümayəndələrini, nüfuzlu ziyalıları, QHT-ləri də parlamentə dəvət etməli və beynəlxalq aləmə mesaj verməliyik ki, Azərbaycan bu vəziyyətlə barışmaq niyyətində deyil. Biz müzakirə etməliyik ki, Dağlıq Qarabağ məsələsi necə həllini tapmalıdır. Biz bu məsələni Milli Məclisin növbəti iclaslarından birinin gündəliyinə daxil etməliyik”.

Xanhüseyn Kazımlı isə Qərbi Azərbaycan və Qarabağ məsələsini Milli Məclisdə müzakirəyə çıxarmağa çağırdı. O, bildirdi ki, Qarabağ məsələsini müzakirə ediriksə, Qərbi Azərbaycanı da unutmamalıyıq.
Müəllif: jurnalist | 30-09-2015, 14:41
Oxunub: 479
    
Reklam