» » “Dağlıq Qarabağ məsələsinin həllində müsəlman ölkələrinin BMT-də verdiyi dəstək bizi sevindirir”

“Dağlıq Qarabağ məsələsinin həllində müsəlman ölkələrinin BMT-də verdiyi dəstək bizi sevindirir”

“Dağlıq Qarabağ məsələsinin həllində müsəlman ölkələrinin BMT-də verdiyi dəstək bizi sevindirir”

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. APA-nın xəbərinə görə, dövlət başçısı görüşdə çıxış edib:

“Hörmətli səfirlər, mən sizi ürəkdən salamlayıram. Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Bizim ölkələrdə ənənələrə böyük hörmət var. Bir çox məsələlər, ənənələr bizim xalqlarımızı birləşdirir. Fürsətdən istifadə edərək xahiş edirəm ki, mənim səmimi salamlarımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.

Biz sizinlə il ərzində müxtəlif tədbirlərdə dəfələrlə görüşürük, amma müqəddəs Ramazan ayında bizim görüşümüzün əlbəttə ki, xüsusi əhəmiyyəti var. Mən çox şadam ki, təmsil etdiyiniz ölkələrlə Azərbaycan çox sıx əlaqələrə malikdir. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, humanitar sahədə, mədəniyyətlə bağlı məsələlərin həllində biz çox fəal əməkdaşlıq edirik. Əlbəttə, biz hamımız istərdik ki, iqtisadi sahədə də əlaqələr yüksək səviyyədə olsun və buna çalışırıq. Hesab edirəm ki, indiki şəraitdə birgə iqtisadi təşəbbüslər, investisiya layihələri, biznes qurumlarının birgə fəaliyyəti əlaqələrimizi möhkəmləndirə bilər. Bu yaxınlarda Azərbaycan səfirləri ilə keçirdiyim görüşdə qeyd etdim ki, müsəlman ölkələri ilə bizim əlaqələrimiz xarici siyasətimizin prioritetlərindən biridir. Biz hamımız çalışmalıyıq ki, İslam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı birliyi daha da möhkəmləndirək. Mən şadam ki, beynəlxalq arenada biz daim bir-birimizi dəstəkləyirik, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik, xüsusilə BMT-də. BMT-də bir-birimizə göstərdiyimiz dəstək bizim mövqelərimizi gücləndirir və haqq-ədalət də bunu tələb edir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi xüsusilə sevindirir. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır. Beynəlxalq hüquq normaları Ermənistan tərəfindən kobudcasına pozulub. Ermənilər bizə qarşı etnik təmizləmə siyasəti aparıblar, Xocalı soyqırımını törədiblər. İşğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu münaqişə dünyada nadir münaqişələrdəndir ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ona görə, əlbəttə ki, Azərbaycanın mövqeyinin dəstəklənməsi həm beynəlxalq hüquqa göstərilən hörmətdir, eyni zamanda, qardaşlıq, dostluq nümunəsidir. Biz də öz tərəfimizdən üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını müdafiə edirik, bundan sonra da müdafiə edəcəyik. Bilirsiniz ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çox fəal iştirak edir, öz rolunu artırır. İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun qaldırılması işinə biz praktiki töhfəmizi veririk. İki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olub, iki il ərzində iki dəfə bu mötəbər quruma sədrlik edib. İki dəfə bizim tərəfimizdən irəli sürülmüş təşəbbüs nəticəsində məsələlər müzakirəyə çıxarılıb. Onlardan biri beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərinə aid idi. Beynəlxalq terrorizmə qarşı mübarizə bizim ümumi işimizdir. İkinci mövzu isə İslam Əməkdaşlıq Təşkilatı ilə BMT arasındakı əməkdaşlıq məsələləri idi. Bu, əslində bizim prioritetlərimizi əyani şəkildə göstərir. Əminəm ki, gələcəkdə də bizim ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edəcək və biz bir-birimizi daim dəstəkləyəcəyik. Eyni zamanda, mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün Azərbaycan praktiki addımlar atır. Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasındakı əlaqələrin inkişafında bizim xüsusi rolumuz var. 2008-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası ölkələrinin nazirlərinin birinci birgə tədbiri keçirilib. Bu təşəbbüsə “Bakı prosesi” adı verilib. Artıq “Bakı prosesi” beynəlxalq aləmdə tanınan və hörmətlə qəbul edilən bir prosesdir.

Hazırda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir, öz prioritetlərini açıq şəkildə bəyan edib. Çalışacağıq ki, mədəniyyətlərarası, dinlərarası dialoqun gücləndirilməsi üçün əlavə töhfəmizi verək. Buna çox böyük ehtiyac var. Əfsuslar olsun ki, Avropanın bəzi ölkələrində İslamofobiyaya qarşı adekvat münasibət göstərilmir. Bəzi ölkələrdə antimüsəlman meylləri güclənir və aidiyyəti dövlət qurumları adekvat tədbirləri görmürlər. Biz öz tərəfimizdən çalışırıq ki, İslam mədəniyyəti, dini, tarixi haqqında Avropa ictimaiyyətini geniş şəkildə məlumatlandıraq, göstərək ki, İslam sülh, mərhəmət dinidir. Bizim ölkələrimizin çox zəngin və qədim tarixi, mədəniyyəti var. Bu məqsədlə müxtəlif ölkələrdə Azərbaycan günləri, Azərbaycan mədəniyyət tədbirləri mütəmadi qaydada keçirilir. Hesab edirəm ki, bəzi tədbirləri biz təmsil etdiyiniz ölkələrlə birgə keçirə bilərik.

Bildiyiniz kimi, yaxın üç il ərzində Bakıda həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcək. Əlbəttə ki, bu oyunlar böyük idman bayramı olacaq. Ancaq, eyni zamanda, hesab edirəm ki, bu oyunların keçirilməsi mədəniyyətlərarası dialoqun inkişafına da öz müsbət təsirini göstərəcək. Bir sözlə, əziz dostlar, birgə səylərimiz, fəaliyyətimiz nəticəsində əminəm ki, bizim ölkələrdə, bölgədə və dünyada proseslər daha müsbət istiqamətdə gedəcək. Müsəlman ölkələrinin çox böyük potensialı, böyük əhalisi, təbii resursları, iqtisadi potensialı var. Çalışmalıyıq səyləri birləşdirək ki, xalqlarımız üçün daha da gözəl gələcək yaradaq. Sağ olun”.

Görüşdə Azərbaycanda təmsil olunan bütün müsəlman ölkələrinin səfirləri və müvəqqəti işlər vəkilləri adından Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami çıxış edib.
Müəllif: Müxbir | 10-07-2014, 11:19
Oxunub: 619
    
Reklam