» » Dünyada Azərbaycana yüksək hörmət və etimad vardır

Dünyada Azərbaycana yüksək hörmət və etimad vardır

Dünyada Azərbaycana yüksək hörmət və etimad vardır
YAP Göyçay rayon təşkilatının sədri : Sahib Şükürov

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfər edib. Səfər çərçivəsində Dövlət başçımız Səmərqənddə Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdəçıxış edib. Çıxış zamanı Dövlət başçımız Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat verib, Zəngəzur dəhlizinin reallaşmasının əhəmiyyətindən,Azərbaycanın sülh müqaviləsinin imzalanmasına hazır olduğunu, Ermənistanın bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətməsindən və Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almasından geniş söhbət açdı.Mövcud reallıqları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, eyni zamanda olduqca mühüm, ciddi mesajlar verdi.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər.Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Məlum olduğu kimi, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Dövlət başçımız da bildirdi ki, Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.
2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb deyən Dövlət başçımız Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacağını vurğuladı.
Bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir və Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır.Prezidentimiz bu reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdıraraq qeyd etdi ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Dövlət başçımız bir daha dünyada ikili standartların mövcudluğuna, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətinə də toxundu və bildirdi ki, bu reallıq narahatlıq doğurur.
Bildiyimiz kimi, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Ölkə rəhbərimiz haqlı olaraq bir daha bəyan etdi ki, “Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib”. Prezidentimiz İlham Əliyev heç kimdən çəkinmədən bu həqiqətləri bir daha mötəbər Sammitdə səsləndirməklə Azərbaycanın tam müstəqil siyasət yürütdüyünü nümayiş etdirmiş oldu.
Azərbaycan 2019-cu ildən 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Prezidentimiz çıxışında bir daha bəyan etdi ki, Azərbaycan öz fəaliyyətini bundan sonra da beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.
Sammit Azərbaycanın həm diplomatik, həm də iqtisadi gücünün artmasına növbəti töhfə vermiş oldu. Bir sıra tarixi və mühüm məqamlarla və eyni zamanda ölkəmizin dünya miqyasında o cümlədən, Avrasiya məkanında artan nüfuzunun daha bir göstəricisi kimi yadda qaldı.
Müəllif: Anar | 22-09-2022, 12:52
Oxunub: 35
    
Reklam