» » Dil hər bir xalqın varlığının əsas təminatçısıdır.

Dil hər bir xalqın varlığının əsas təminatçısıdır.

Dil hər bir xalqın varlığının əsas təminatçısıdır.
YAP Göyçay rayon təşkilatının fəalı Gülşən Muradova
İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Ümummilli lider Heydər Əliyev.
1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır.
Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması istiqamətindəki tarixi fəaliyyəti danılmazdır. Dahi lider bütün ömrü boyu milli irsimizi, dilimizi, tariximizi, ədəbiyyatımızı yad təsirlərdən qorumuş, gələcək nəsillərə olduğu kimi ötürülməsi üçün əlindən gələni əsirgəməmişdir.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” , – deyən Ümummilli Lider bu ali məqsəd uğrunda təkcə müstəqillik illərində deyil, həm də Azərbaycanda birinci dəfə hakimiyyətdə olarkən 1969-1982-ci illərdə çalışmışdır.
Həmin illərdə respublikamızın SSRİ-nin tərkibində olmasına baxmayaraq, Heydər Əliyev böyük qətiyyət nümayiş etdirmiş, Azərbaycan dilinin qorunması və mövqeyinin möhkəmlənməsi üçün yorulmadan çalışmışdır.
Ulu Öndər Azərbaycan dilinin nüfuzunun artırılması üçün islahatlara, ilk növbədə, Sovet Azərbaycanının rəsmi həyatında, mötəbər tədbirlərdə ana dilində danışmaq ənənəsinin əsasını qoymaqla başladı. Bu, həmin dövr üçün son dərəcə cəsarətli bir addım idi.
Heydər Əliyevin Azərbaycan dilinin statusunun möhkəmləndirilməsi və təsdiqlənməsi istiqamətində gördüyü ən mühüm işlərdən biri isə şübhəsiz ki, 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasında ana dilimizin rəsmi status alması oldu. Bu, Ümummilli Liderin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Çünki Heydər Əliyev bu addımı ilə gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyev Azərbaycanda xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinə olan diqqət yüksəldi: “Məhz 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Fərmanı isə tarixi hadisəyə çevrildi. 2002-ci ildə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi”.
“Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik nümayiş etdirməklə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, həmçinin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşdi”
Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması istiqamətində verdiyi sərəncamlarla dilimizin və mədəniyyətimizin hər zaman keşiyində dayandığını Azərbaycan xalqına və dünya azərbaycanlılarına nümayiş etdirmişdir.

İnkişaf etmiş, zəngin dil və mədəniyyətə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”, – deyən Heydər Əliyevin Azərbaycan dilinin qorunması və zənginləşməsi istiqamətində əvəzsiz xidmətləri olmuşdur.
Müəllif: Anar | 29-07-2022, 10:45
Oxunub: 43
    
Reklam