» » Ucar rayonunda 29 min əhalinin istifadə etdiyi yol yenidən qurulur

Ucar rayonunda 29 min əhalinin istifadə etdiyi yol yenidən qurulur

Ucar rayonunda 29 min əhalinin istifadə etdiyi yol yenidən qurulur

Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri davam etdirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 29 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən və 28,5 kilometr uzunluğa malik Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

Layihəyə uyğun olaraq, mövcud yol örtüyü və zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və kənara daşınır, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri görülür. Daha sonra normativ qalınlıqda yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılacaq.

Yolboyu çiyinlərin qum-çınqıl qarışığı ilə tikilməsi, suötürücü boruların yenilərinin inşası zərurəti yarandığından müxtəlif diametrli boruların quraşdırılması və izolyasiyası işləri də görüləcək. “İnşaat Norma və Qaydaları”na əsasən daha sonra yola 2 laydan ibarət 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra ediləcək.

Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işlərinin aparılması planlaşdırılır.

Qeyd olunub ki, 2021-ci ildə sözügedən yolun 4,55 kilometr hissəsində yuxarıda sadalanan işlər icra olunaraq yekunlaşdırılıb.

Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan 30 minə yaxın əhalinin, həmçinin bu yoldan istifadə edən vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna, həmçinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şərait yaradacaq.
Müəllif: Anar | 28-07-2022, 09:12
Oxunub: 12
    
Reklam