» » "Bələdiyyələr fəaliyyətlərinin səmərəliliyini artırmalı və əhalidə yerli özünüidarəetmə orqanlarına inamı gücləndirməlidirlər"

"Bələdiyyələr fəaliyyətlərinin səmərəliliyini artırmalı və əhalidə yerli özünüidarəetmə orqanlarına inamı gücləndirməlidirlər"

"Bələdiyyələr fəaliyyətlərinin səmərəliliyini artırmalı və əhalidə yerli özünüidarəetmə orqanlarına inamı gücləndirməlidirlər"
"Bələdiyyələr fəaliyyətlərinin səmərəliliyini artırmalı və əhalidə yerli özünüidarəetmə orqanlarına inamı gücləndirməlidirlər"

Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli assosiasiyalarının təşkilatçılığı ilə iyunun 23-də “Kempinski Badamdar” otelində bələdiyyə sədrlərinin III ümumrespublika toplantısı keçirilmişdir.
Tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Administrasiyanın məsul işçiləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, respublikanın bütün bölgələrini təmsil edən 306 bələdiyyə sədri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbiri Azərbaycan Respublikası Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev açaraq toplantının gündəliyinin əsas mövzusunun “Yerli əhəmiyyətli sosial məsələlərin həllində bələdiyyələrin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr” olduğunu bildirmişdir.

Ə.Babayev diqqətə çatdırmışdır ki, ikinci toplantıdan ötən dövrdə bələdiyyələrin həyatında bir sıra yeniliklər olmuş, qanunvericilik bazası təkmilləşdirilmiş, bələdiyyələrin cəmiyyətdə nüfuzunun artırılması, yerlərdə mövcud problemlərin araşdırılaraq həlli istiqamətində mühüm işlər görülmüşdür. Bu dövrdə bələdiyyələri narahat edən məsələlər milli assosiasiyaların daim diqqət mərkəzində olmuşdur.

Qeyd edilmişdir ki, cari ilin aprelində Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli assosiasiyalarının ayrılıqda keçirilmiş ümumi yığıncaqlarında görülmüş işlərlə yanaşı, bələdiyyələri narahat edən problemlərdən danışılmış, onların fəaliyyətinin səmərəliliyinin artırılmasına dair təkliflər irəli sürülmüşdür. Yerli əhəmiyyətli sosial məsələlərin həllində bələdiyyələrin fəaliyyətinin təşkili, irəli sürülmüş təkliflərin müzakirəsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi məqsədilə bu ilin mayında Milli Assosiasiyaların Əlaqələndirmə Şurası bələdiyyə sədrlərinin III ümumrespublika toplantısının keçirilməsi barədə qərar qəbul etmişdir.

Gündəlik və reqlament təsdiq olunduqdan sonra Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi, milli assosiasiyaların əlaqələndiricisi Həzi Əkbərov hesabat məruzəsi ilə çıxış etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son on ildə gələcəyə hesablanmış əhatəli dövlət proqramlarının, genişmiqyaslı sosial və infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş, demokratik proseslərə güclü təkan vermiş, beynəlxalq aləmdə nüfuzunu gücləndirmişdir.

Bələdiyyələr də Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərirlər.

Məruzəçi bildirmişdir ki, ötən dövrdə bir çox bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə əldə etmiş, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olmuş, onların cəmiyyətdə rolu artmışdır. Bu işlərdə milli assosiasiyalar tərəfindən bələdiyyələrə metodiki və digər zəruri kömək göstərilmiş, fəaliyyətləri əlaqələndirilmişdir.

Qeyd edilmişdir ki, milli assosiasiyaların irəli sürdükləri, əvvəlki toplantılarda dəstəklənmiş “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində bələdiyyələr son beş il ərzində ümumi məbləği 79,8 milyon manatdan çox olan 26 minə yaxın layihə üzrə şəhər, qəsəbə və kəndlərin abadlaşdırılması, sosial obyektlərin, yerli əhəmiyyətli yolların və sadə idman meydançalarının saxlanılması, içməli su və suvarma suyu təchizatı, yerli ekoloji problemlərin həlli və digər sahələrdə müəyyən işlər görmüşlər. Quba, Qəbələ, İsmayıllı və Göygöldə içməli su təchizatı, Ağcabədi, Balakən, Goranboy və Cəlilabadda məhəllə və kənddaxili yolların təmiri, Xaçmazda təhsil müəssisələrinin binalarının saxlanması, Lənkəran və İmişlidə abadlıq və yaşıllaşdırma, Bərdə, Kürdəmir və Tərtərdə suvarma suyu təchizatı, Bakının Binəqədi və Sabunçu rayonlarında məişət tullantılarının yığılması və daşınması kimi məsələlərin həllində bələdiyyələr müsbət təcrübə əldə etmişlər. İkinci ümumrespublika toplantısında dəstəklənmiş “Abad məhəllə və abad kənd” təşəbbüsü bələdiyyələrin yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində fəaliyyətinə təkan vermiş, görülmüş işlər qiymətləndirilərək bələdiyyə sədrlərinin şəhər-rayon şuraları tərəfindən 2009-cu ildə 66 məhəllə və 48 abad kənd elan edilmişdir. Həmin şuralar bu il də abad məhəllə və kəndlərin müəyyən edilməsini planlaşdırmışlar.

Vurğulanmışdır ki, bələdiyyələrin gördüyü işlərin əksəriyyəti onların ərazilərində yaşayan vətəndaşların sosial sifarişlərindən irəli gəlir. Həmin sifarişlərin öyrənilməsində milli assosiasiyaların təşəbbüsü olan və bələdiyyə sədrlərinin II ümumrespublika toplantısında dəstəklənmiş “Yerli demokratiya həftəsi” vacib rol oynayır. Artıq ənənəyə çevrilmiş bu həftələr ərzində bələdiyyələr tərəfindən sakinlərlə hesabat xarakterli görüşlər keçirilir, “açıq qapı” günləri və qaynar telefon xətləri təşkil edilir, ərazilərdə bələdiyyə poçt qutuları quraşdırılır. Bu tədbirlər bələdiyyələrin vətəndaşlarla əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Bələdiyyələrin fəaliyyətindəki nöqsanlardan da danışan məruzəçi bildirmişdir ki, bir çox bələdiyyənin maliyyə imkanlarının aşağı olması vergitutma obyektlərinin və vergi ödəyicilərinin müfəssəl uçotunun aparılmamasından, bununla da vergi və ödənişlərin tam yığılmamasından irəli gəlir. Bu problemlərin aradan qaldırılmasında bələdiyyələrə kömək göstərilməsi məqsədilə milli assosiasiyalarda vergitutma obyektləri barədə vahid elektron məlumat bazası yaradılmışdır.

Bələdiyyələrin fəaliyyətində vətəndaşlarla münasibətlərin yüksək səviyyədə qurulmasının böyük önəm daşıdığını vurğulayan məruzəçi bu məqsədlə hazırda 35 bələdiyyənin internet saytının yaradıldığını diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, bələdiyyələr yaradıldığı gündən dövlətin yaxından dəstəyini hiss edir, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün qanunvericilik bazası möhkəmləndirilir. Dövlət dəstəyi alan assosiasiyalar vergi sahəsində xarici ölkələrin təcrübəsini öyrənmişlər. Milli Məclis tərəfindən əmlak vergisinin əmlakın sahəsinə görə hesablanmasını nəzərdə tutan qanunun qəbulu bu sahədə ciddi irəliləyiş yaranmasına imkan verəcəkdir.

Məruzəçi demişdir ki, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, bələdiyyə üzvlərinin və qulluqçularının bilik və təcrübəsinin artırılması üçün ötən dövrdə milli assosiasiyalar, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Ədliyyə Akademiyası ilə birgə Bakıda və bölgələrdə 11 minə yaxın bələdiyyə üzvü və qulluqçusu üçün müxtəlif mövzularda 133 seminar və ixtisasartırma kursları təşkil olunmuşdur.

Qeyd edilmişdir ki, Azərbaycanda xarici təcrübəyə əsaslanaraq əraziləri kiçik, əhalisi az olan bələdiyyələrin iqtisadi və maliyyə potensialının artırılması yollarından biri kimi ikinci ümumrespublika toplantısında yerlərdə birləşmə məsələsinin nəzərdən keçirilməsi tövsiyə olunmuşdur. Vətəndaşların təşəbbüsü və fəallığı nəticəsində 2009-cu ildə 1654 bələdiyyənin birləşməsi ilə iqtisadi və maliyyə potensialı daha güclü 614 yeni bələdiyyə yaradılmışdır. Cari ildə isə 204 bələdiyyənin birləşməsi 94 yeni bələdiyyənin yaradılması ilə nəticələnmişdir.

Məruzədə qeyd olunmuşdur ki, xarici təcrübənin öyrənilməsi məqsədilə 19 bələdiyyə tərəfindən Türkiyə, Çin, Latviya, Gürcüstan və Qırğızıstan bələdiyyələri ilə qardaşlaşma əlaqələri qurulmuşdur. Son toplantıdan ötən dövrdə milli assosiasiyaların beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və möhkəmləndirilməsi istiqamətində fəallığı artmışdır. Bunun sayəsində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi və digər nüfuzlu beynəlxalq qurumlarla işgüzar münasibətlər yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvləri, Milli Assosiasiyaların sədrləri, bələdiyyə sədrləri və üzvlərindən ibarət Azərbaycan nümayəndə heyətləri həmin təşkilatların müxtəlif xarakterli 87 tədbirində, o cümlədən plenar sessiyalarında və müvafiq komitələrinin iclaslarında iştirak etmişlər. Bir neçə gün əvvəl Yerli və Regional Hakimiyyətlər Konqresinin büro iclasında və “Yerli demokratiya və gənclər” mövzusunda keçirilən konfransında milli assosiasiyaların və bəzi bələdiyyələrin nümayəndələrinin fəal iştirakı təmin olunmuşdur.

Bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini diqqətə çatdıran məruzəçi əvvəlki seçkilərlə müqayisədə seçicilərin təcrübəli namizədlərə, qadın və gənclərə üstünlük verdiklərini vurğulamışdır. Seçkilər ərəfəsində milli assosiasiyalar qadınların və gənclərin seçkilərdə fəallığını artırmaq üçün treninqlər təşkil etməyi və digər təsirli tədbirlər həyata keçirməyi planlaşdırır.

Ədliyyə naziri Fikrət Məmmədov çıxışında ölkəmizdə azad cəmiyyətin əsasını təşkil edən yerli özünüidarəetmənin təsis edilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, bu gün Prezident İlham Əliyevin bələdiyyələrin fəaliyyətinə daim diqqətlə yanaşdığını vurğulamışdır. Nazir “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında, müxtəlif Milli Fəaliyyət planlarında yerli özünüidarəetmə orqanlarının inkişafına yönəlmiş mühüm tədbirlərin yer aldığını bildirmişdir. Fikrət Məmmədov iyun ayının əvvəlində qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Qanunda yerli özünüidarəetmə orqanlarının işinə ictimai nəzarətin həyata keçirilməsinin, onların fəaliyyətində şəffaflığın təmin edilməsinin və digər mühüm məsələlərin təsbit olunmasının əhəmiyyətini xüsusi vurğulamışdır.

Bələdiyyə üzvləri və qulluqçularının biliklərinin artırılmasında Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayan nazir ildə 6 min bələdiyyə üzvünü və qulluqçusunu əhatə edən 100-dən çox maarifləndirmə və təlim tədbirlərinin keçirildiyini, xarici ölkələrə səfərlərin təşkil olunduğunu demişdir.

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində qanunçuluğun təmin olunmasının əhalinin onlara inamının artmasında böyük rol oynadığını qeyd edən nazir ötən dövrdə yaradılmış regional ədliyyə şöbələrinin bu işə mühüm töhfə verdiyini vurğulamışdır. Bildirilmişdir ki, təkcə ötən il 300-dən çox bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunmuş, 70 minədək bələdiyyə aktı qanunazidd olduğuna görə ləğv edilmiş və ya dəyişdirilmiş, 25 min hektardan çox qanunsuz verilmiş torpaq sahələri geri qaytarılmışdır. Habelə 152 bələdiyyənin fəaliyyətində cinayət xarakterli pozuntular aşkar edilmiş və bununla bağlı qanuna müvafiq tədbirlər görülmüşdür.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə yaradıldığı 15 il ərzində bələdiyyələrin cəmiyyət həyatında mühüm yer tutmasını təmin etmək istiqamətində mühüm işlər görüldüyünü, bu sahədə qanunvericilik bazasının daim təkmilləşdiyini söyləmişdir. Bir çox bələdiyyələrin yerli məsələlərin həllində əsas rol oynadığını vurğulayan Arif Rəhimzadə onların fəaliyyətində nöqsanlarla yanaşı, hüquqlarının pozulması hallarına yol verildiyini də bildirmişdir. Qeyd edilmişdir ki, 2013-cü ilin yanvarınadək bütün bələdiyyələrin dövlət reyestrinə götürülməsi, onların ərazi xəritələri və digər müvafiq sənədlərlə təmin olunması nəzərdə tutulduğu halda, indiyədək yalnız 13 bələdiyyənin sənədləri hazırlanmışdır. Bu, o deməkdir ki, bir çox bələdiyyələr onlara məxsus ərazilər haqqında hələ də məlumatsızdır.
Cəmiyyətdə yerli özünüidarəetmə institutuna marağın artırılmasının vacibliyini qeyd edən Milli Məclisin komitə sədri bu baxımdan bələdiyyələrin işinin səmərəli təşkilinin, onlara dövlət orqanları tərəfindən diqqət yetirilməsinin, fəaliyyətlərinin geniş işıqlandırılmasının əhəmiyyətini vurğulamışdır.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov rəhbərlik etdiyi qurumun bu istiqamətdə gördüyü işlərdən danışmışdır. Diqqətə çatdırılmışdır ki, bələdiyyələr hüquqi status aldıqdan sonra komitə müvafiq yerli icra hakimiyyəti ilə birgə onların ərazilərinin və mülkiyyətinə verilən torpaq sahələrinin hüdudlarını, ölçülərini müəyyənləşdirərək lazımi yer quruluşu sənədləri əsasında təhvil vermişdir.

Bildirilmişdir ki, ölkəmizdə korrupsiyaya qarşı qətiyyətlə həyata keçirilən mübarizə tədbirlərindən biri də torpaq sahələrinin ayrılmasında şəffaflığın təmin edilməsidir. Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən, torpaq hərrac və müsabiqələrinin təşkili məqsədilə müvafiq komissiyaların yaradılması komitəyə həvalə edilmişdir. Bu komissiyalar tərəfindən 2008-2014-cü illərdə keçirilmiş 13 minədək hərrac-müsabiqə ilə bağlı vətəndaşlardan heç bir şikayət daxil olmamışdır.

Komitə tərəfindən 292 bələdiyyənin ərazi sərhədlərinin dəqiqləşdirilməsi və xəritələrin hazırlanması işlərinə başlandığını vurğulayan Qərib Məmmədov Bələdiyyələrlə İş Mərkəzi və yerli icra hakimiyyətlərinin iştirakı ilə institusional biliklərin artırılması istiqamətində yerlərdə keçirilən seminar-məşğələlərin müsbət nəticə verdiyini qeyd etmişdir.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov ulu öndər Heydər Əliyev ideyalarından qaynaqlanan bələdiyyə institutunun Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf etdiyini, komitənin daşınmaz əmlak idarəçiliyi, bələdiyyə ərazilərində hüquqların dəyişdirilməsinin dövlət reyestrinə daxil edilməsi, elektron kadastr məlumat bazasının yaradılması və digər məsələlərlə bağlı bələdiyyələrlə qarşılıqlı əlaqədə işlədiyini söyləmişdir.

Bələdiyyə əmlakının və torpaqlarının təsdiq edilməsinin, xəritələrin hazırlanmasının, elektron məlumat bazasının yaradılmasının əhəmiyyətini yüksək qiymətləndirən komitə sədri məlumat vermişdir ki, Bakı və Sumqayıt şəhərlərində, həmçinin respublikanın 53 rayon mərkəzində elektron kadastr məlumat bazaları yaradılmış, daşınmaz əmlakın bazar qiymətləri əsasında kütləvi qiymətləndirilməsi, məlumat bazasının yaradılması və bələdiyyələrə verilməsi işlərinə başlanmışdır. Sumqayıt bələdiyyəsi və şəhər icra hakimiyyəti ilə pilot qaydada əməkdaşlıq memorandumunun imzalandığını diqqətə çatdıran Kərəm Həsənov digər bələdiyyələrlə də qarşılıqlı işbirliyinin qurulmasının vacib olduğunu bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosiasiyasının və Naxçıvan bələdiyyəsinin sədri Nurələm İbrahimov, Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov, Abşeron rayonunun Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov, Quba rayon Birinci Nügədi kənd bələdiyyəsinin sədri Sadiq Ayməzov, Göygöl rayonu Üçtəpə bələdiyyəsinin sədri Rza Məmmədov çıxışlarında rəhbərlik etdikləri bələdiyyələr tərəfindən görülmüş işlərdən, o cümlədən əhalinin sağlamlığının qorunması, içməli su və suvarma suyuna tələbatının ödənilməsi, məhəllələrin abadlaşdırılması, yolların, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin bərpası və digər istiqamətlərdə həyata keçirilmiş tədbirlərdən danışmışlar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev toplantıda çıxış edərək dedi:

- Hörmətli toplantı iştirakçıları.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmiz qüdrətli dövlətə çevrilmiş, sürətli sosial-iqtisadi inkişaf yolu keçmiş, genişmiqyaslı infrastruktur layihələrinin icrası istiqamətində tarixi nailiyyətlər əldə etmiş, əhalinin rifahı yüksəlmişdir. Bununla yanaşı, dövlət idarəçiliyi, o cümlədən yerli özünüidarəetmə sahəsində ciddi islahatlar aparılmışdır.

Yerli özünüidarəetmə orqanı olan bələdiyyələr ölkəmizin inkişafında daha əhəmiyyətli rol oynamalı, cəmiyyətdə layiq olduqları yeri tutmalıdırlar. Bələdiyyələr sosial əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə, vətəndaşların yerli özünüidarəetmə proseslərində bilavasitə iştirakı ilə təmin etməlidirlər. Məhz bu məqsədlərə nail olmaq üçün 15 il ərzində bələdiyyələr çətin də olsa müəyyən inkişaf yolu keçmiş, təcrübə toplamışlar.

Bələdiyyələrin əsas vəzifələrindən biri vətəndaşlarla hakimiyyət arasında əlaqələndirici funksiyasını yerinə yetirmək və əhaliyə daha yaxın olmaqdan ibarətdir. Bələdiyyələr fəaliyyətlərinin səmərəliliyini artırmalı və əhalidə yerli özünüidarəetmə orqanlarına inamı gücləndirməlidirlər.

Ancaq açıq deməliyəm ki, biz buna hələ tam nail ola bilməmişik. Bələdiyyələr hələ də əhalinin yerli əhəmiyyətli məsələlərinin həllində öz rolunu və yerini tapa bilməmişlər. Bütünlükdə onların fəaliyyətinə nəzər salsaq, səciyyəvi olan, bizi ciddi narahat edən problemləri görərik. Bunlar nədən ibarətdir? Ən əsasını diqqətinizə çatdırmaq istəyirəm:
birincisi - mühüm sosial əhəmiyyətli layihələrin həyata keçirilməməsi;

ikincisi - iqtisadi və maliyyə resurslarının aşağı səviyyədə olması;

üçüncüsü - peşəkar kadrların çatışmazlığı.

Təbiidir ki, hər bir insanın şəxsi marağı ilə yanaşı, dövlət və yerli icmanın maraqları da mövcuddur. Bu maraqlar yerli sosialyönümlü problemlərin həlli ilə bağlı olan məsələlərdə üst-üstə düşür. Belə halda bələdiyyələrin həyata keçirməli olduğu tədbirlərin və layihələrin əhəmiyyəti olduqca böyükdür.

Lakin təcrübə göstərir ki, bələdiyyələrin həyata keçirdikləri layihələrin böyük bir hissəsi əsasən kiçik həcmli, xırda problemlərin aradan qaldırılmasına hesablanmış layihələr olmuşdur.

Bunun da müxtəlif səbəbləri vardır. İlk növbədə, mühüm əhəmiyyətli sosial layihələrin həyata keçirilməsi üçün bələdiyyələr zəruri maliyyə resurslarına malik olmalıdırlar.

Reallıqda isə əksər bələdiyyələrin mövcud büdcələri nəinki layihələrin həyata keçirilməsinə, cari fəaliyyətinin təşkilinə belə çatmır. Bunun əsas səbəbi isə bələdiyyələrin təşkilatçılıq bacarığının aşağı olmasıdır.

Bələdiyyə büdcələrinin əsas gəlir mənbəyi yerli vergi və ödənişlərdən daxil olan vəsaitlərdir.
Etiraf etməliyik ki, təşkil olunduqları ilk vaxtlardan bələdiyyələr əsasən torpaq satışı ilə məşğul olmuşlar və onlar bunun hesabına ciddi gəlir də əldə edə bilmişlər. Həmin gəlirlər səmərəli istifadə olunmalı, gələcək üçün müəyyən davamlı gəlir mənbələri – müəssisələr və ya xidmət sahələri yaradılmalı idi. Lakin biz bunun əksinin şahidi olduq. Satılası torpaqlar tükəndi, satış hərrac qaydaları tətbiq olundu, müvafiq olaraq daxilolmalar da azaldı.

Acınacaqlı haldır ki, bəzi bələdiyyələr işçilərin əməkhaqqını aylarla verə bilmirlər, dövlət tərəfindən verilən dotasiyanı isə öz maliyyə borclarının bağlanmasına sərf edirlər.

Bir çox bələdiyyə sədrləri hesab edirlər ki, çıxış yolu yalnız dövlət tərəfindən onlara əlavə səlahiyyətlərin verilməsində və dotasiyaların həcminin xeyli artırılmasındadır. Bu mövqe həqiqətdən uzaqdır. Təhlillər göstərir ki, bələdiyyələrin kifayət qədər maliyyə potensialı olduğu halda, yerli vergi və ödənişlər tam toplanılmır. Bələdiyyə sədrləri daim şikayət edirlər ki, vergiləri yığa bilmirlər. Çox təəccüblüdür ki, bu günədək vergi ödəyiciləri, vergitutma obyektləri barədə bələdiyyələrdə dolğun məlumat bazası yaradılmamışdır və onların tam uçotu da aparılmır.

Belə olan halda necə vergi yığmaq olar?

Bu sahədə də ciddi dönüş yaradılmasına ehtiyac vardır.

Milli assosiasiyaların aidiyyəti dövlət orqanları ilə birgə vergitutma obyektlərinin vahid elektron məlumat bazasının yaradılması vaxtında atılmış düzgün addımdır.

Daxil olan müraciətlər əsasında aparılmış araşdırmalar göstərmişdir ki, bələdiyyələr əmlak vergisinin hesablanmasında müəyyən çətinliklərlə üzləşirdilər.

Milli assosiasiyalar yerli vergi dərəcələrinin dəyişdirilməsi və hesablanma mexanizminin sadələşdirilməsi, dövlət büdcəsindən ayrılan dotasiyaların və subvensiyaların verilməsi ilə bağlı müvafiq təkliflərlə çıxış etmişlər. Həmin təkliflər dövlət tərəfindən dəstəklənmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında əsaslı dəyişikliklər nəzərdə tutan müvafiq qanun layihələrini Milli Məclisin müzakirəsinə təqdim etmiş və bu günlərdə həmin qanunlar qəbul olunmuşdur.

Bu qanunlar yerli büdcə gəlirlərinin formalaşdırılmasının perspektiv mənbəyi olan əmlak və torpaq vergiləri üzrə daxilolmaların həcminin dəfələrlə artması üçün güclü zəmin yaratmışdır. Dotasiya və subvensiyaların verilməsi qaydaları təkmilləşdirilmiş, maliyyə potensialı zəif olan, həmçinin yerli əhəmiyyətli məsələlərin həllinə yönəldilmiş layihələr planlaşdıran bələdiyyələrə daha əlverişli imkanlar yaratmışdır.

Bir məsələni də qeyd etmək istərdim. Sonuncu toplantıda iqtisadi və maliyyə potensialının artırılması məqsədilə kiçik bələdiyyələrin birləşməsi bir çıxış yolu kimi tövsiyə olunmuşdur. Ötən dövrdə 1858 bələdiyyənin birləşmə yolunu seçməsi düzgün addımdır. Bu, onlara ərazilərində daha çox yerli problemlərin həllinə əlavə imkanlar yaradacaqdır.

Bələdiyyələrin qarşısında duran vəzifələrin icrası, onların fəaliyyətinin səmərəliliyinin artırılması, mövcud resursların yerli səviyyədə müəyyən edilmiş hədəflərə, sosialyönümlü məsələlərin həllinə yönəldilməsi bələdiyyə kadrlarından birbaşa asılıdır. İlk iki bələdiyyə seçkilərinə nəzər salsaq görərik ki, bələdiyyə üzvlərinin əksəriyyəti yerli özünüidarəetmə haqqında kifayət qədər təsəvvürə malik olmamış, onlar vəzifələrini həyata keçirə bilməmişlər.

Bələdiyyələrin həmin dövrdə olan durumu, bələdiyyə üzvlərinin zəif fəaliyyətləri ilə razılaşmayan seçicilər 2009-cu ildə müvafiq nüfuza və təcrübəyə malik olan şəxslərə etimad göstərmişlər. Nəticədə seçilmiş üzvlər arasında ali təhsillilərin sayı 1,9 dəfə, qadınların sayı 6,4 dəfə, gənclərin sayı isə 13,8 dəfə artmışdır. Keyfiyyət tərkibinin gücləndirilməsi bələdiyyələrin fəaliyyətinin məzmunca yeni mərhələsinin əsasını qoymuşdur.

Yerli özünüidarəetmə orqanlarında xidmət etmək idarəçilik bacarığı, bilik və yüksək ixtisas tələb edən peşəkar fəaliyyətdir. Zaman dəyişdikcə kadrlara olan tələblər də artır. Buna görə də bələdiyyə üzvlərinin keyfiyyət tərkibinin daha da gücləndirilməsi daim aktual olan məsələdir.

Görülmüş işlərə baxmayaraq, bəzi hallarda bələdiyyə qulluğuna kifayət qədər səriştəli kadrlar yenə də cəlb edilməmişdir. Bunun əvəzinə bu keyfiyyətə malik olmayan tanışlar, dostlar, hətta qohumlar da işə qəbul olunmuşdur. Belə halda hansısa nailiyyətlərdən danışmaq mümkün deyildir.

Buraxılmış nöqsanlara, məsuliyyətsizliyə və ciddi qanun pozuntularına görə 72 bələdiyyə üzvü, sədr, sədr müavini və bələdiyyə qulluqçuları müxtəlif cəza növlərinə məhkum edilmişlər. Nə qədər istəməsək də bu, acı fakt olaraq qalır.

Bələdiyyə üzvlərinin və sədrlərinin peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılması üçün onlar mütəmadi surətdə hazırlıq kurslarına cəlb edilməli, onlara xas olan idarəçiliyin müasir üslub və metodlarına yiyələnməlidirlər. Bu məsələ aidiyyəti dövlət orqanlarının və milli assosiasiyaların daim diqqət mərkəzində olmalı, onlar tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir.

Hesab edirəm ki, iqtisadi, maliyyə və kadr problemlərinin aradan qaldırılması bələdiyyələrin fəaliyyətinin gücləndirilməsini və bütünlükdə gələcək inkişafını təmin edəcək, yerli əhəmiyyətli məsələlərin həlli üçün möhkəm zəmin yaradacaqdır.

Biz ölkəmizdə keçiriləcək dördüncü bələdiyyə seçkiləri ərəfəsindəyik. Bu seçkilərdə təbiidir ki, seçicilər əhali və cəmiyyət qarşısında məsuliyyəti üzərinə götürə bilən, bələdiyyələrin fəaliyyətini ölkəmizin dinamik inkişafına və zamanın tələblərinə uyğun qurmaq bacarığı olan şəxslərə səs verəcəklər.

Seçkilərdə namizədlərini irəli sürəcək siyasi partiyalar, ayrı-ayrı şəxslər bələdiyyə işinin məsuliyyətini dərindən dərk etməli, bu yükü daşımaq iqtidarında olan insanlara etimad göstərməlidirlər. Bunu onlardan ölkə həyatının bütün sahələrində baş verən inkişaf tələb edir.

X X X

Çıxışlardan sonra Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Milli Assosiasiyaların Əlaqələndirmə Şurası tərəfindən hazırlanmış qərar layihəsini oxumuşdur.

Qərar layihəsi səsə qoyularaq qəbul edilmişdir.

Sonra toplantı işini plenar iclasla davam etdirmişdir.

Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Əli Mehdiyevin sədrliyi ilə keçirilən iclasda milli assosiasiyalar tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə yaradılmış “Vergitutma obyektlərinin vahid elektron məlumat bazası”nın təqdimatı olmuşdur.

Təqdimatda vahid elektron məlumat bazası, habelə məlumatların əldə edilməsi, bazaya daxilolma qaydaları haqqında ətraflı informasiya verilmişdir.
Müəllif: Müxbir | 23-06-2014, 23:02
Oxunub: 504
    
Reklam