» » Müəllimlərin işə qəbulunda - Yenilik

Müəllimlərin işə qəbulunda - Yenilik

Müəllimlərin işə qəbulunda - Yenilik

“Bu il müəllimlərin işə qəbulu ilə bağlı bir sıra təkmilləşdirmələr aparılıb. Test imtahanı mərhələsi ilə bağlı cavablandırma səviyyəsi və ayrılan vaxtlar təhlil olunub və məlum olub ki, 90 dəqiqə bəzi fənn suallarını cavablandırmaq üçün kifayət deyil. Ona görə də, bu müddət 90 dəqiqədən 120 dəqiqəyə artırılıb”.

Bunu müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklərlə bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

O qeyd edib ki, test imtahanına 60 sual təqdim olunacaq: “Cavablandırmaya görə verilən qiymətlər fərqli olacaq. Artıq imtahanda əvvəlki kimi 60 yox, 100 bal toplayacaqlar. 60 sualın 40-ı ixtisas, 20-si isə metodikaya aid olacaq. Test imtahanında 4 səhv test cavabına görə bir düz cavab gedəcək”.

E. Bağırov, həmçinin bildirib ki, hər il yay aylarında vakansiya seçimi həyata keçirilir: “Bu seçim 2 mərhələdə olacaq. Birinci mərhələdə daimi əsaslarla çalışan və şəhid ailəsi üzvləri vakansiya seçimində iştirak edəcəklər. Sonra isə digərləri üçün vakansiya seçimi açılacaq.
Nazirlik rəsmisi onu da əlavə edib ki, bu ildən ucqar kəndlərdə 3 ildən çox fasiləsiz işləyən müəllimlərin topladıqları bal 1,05 əmsalına, 5 ildən artıq çalışanların isə nəticələri 1,1 əmsalına vurulacaq.

Bağırovun sözlərinə görə, yerdəyişmə tədris ilinin sonuna yaxın həyata keçirilir: “Bu il də iyun ayının sonunda keçiriləcək. İlkin mərhələdə daimi əsaslarla çalışan bütün vakant yerlər şəhid ailəsi üzvü olan və daimi əsaslarla çalışan şəxslər üçün, sonra isə digər müəllimlərə açıq elan ediləcək. Bakı, Abşeron, Sumqayıtda yüksək rəqabətin mövcudluğu, müəllim sıxlığına görə bu rayon və şəhərlərə daha ədalətli olmaq üçün yerdəyişmə yalnız müəllimlərin işə qəbul müsabiqəsi ilə həyata keçiriləcək. Digər rayonlar üçün isə açıq şəkildə həyata keçiriləcək və heç bir məhdudiyyət tətbiq olunmayacaq. Müəllimlərin işə qəbulundan sonra 3 il ərzində yerdəyişməsi mümkün olmayacaq”.
Müəllif: Anar | 16-02-2022, 08:31
Oxunub: 74
    
Reklam