» » "Tour d’Azerbaïdjan-2015" başa çatdı

"Tour d’Azerbaïdjan-2015" başa çatdı

"Tour d’Azerbaïdjan-2015" başa çatdı

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloyürüşü başa çatıb. Lent.az-ın məlumatına görə, Azərbaycanın "Synergy Baku Cycling Project" komandası 25 kollektiv arasında 1-ci yerə çıxıb.

Yarışın sonuncu, 5-ci mərhələsi Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində baş tutub və məsul yarış öncəsi son sınaq xarakteri daşıyıb. Start və finiş xətti "Azadlıq Meydanı"nda olan bu mərhələdə iştirakçılar paytaxt küçələri ilə ümumilikdə 144 km məsafə qət ediblər.

4 mərhələdən sonra komanda hesabında Sloveniyanın "Adria Mobil" klubuna 42 saniyə uduzan "Synergy Baku" paytaxt küçələrində əla taktiki gedişlər nümayiş etdirərək nəinki bu geriliyi aradan qaldırıb, hətta rəqibini 29 saniyə qabaqlamağı da bacarıb və bununla da 1-ci layiq görülüb.

3-cü mərhələdən etibarən dağ mərhələlərində daha yaxşı nəticə göstərərək qırmızı rəngli "AZAL" köynəyini ələ keçirən komandamızın üzvü Aleksandr Surutkoviç bü üstünlüyünü sonuncu mərhələdə də qoruyub və bununla da "Synergy Baku" "Tour d’Azerbaïdjan-2015"i qırmızı köynəklə başa vurub.

5-ci mərhələnin qalibinə gəlincə, məsafəni hamıdan tez qət edən Rusiyanın "Rusvelo" komandasının üzvü Sergey Firsanov 3 saat, 32 dəqiqə, 10 saniyə nəticə ilə finiş xəttini birinci keçib.

Qazaxıstan yığmasının üzvü Aleksandr Şuşemoin və "Synergy Baku"nun üzvü Matey Müqerli qalibə çüzi fərqlə uduzmaqla 2-3-cü yerləri tutublar.

5 mərhələdən sonra "Adria Mobil"in üzvü Primoj Roqliç ümumi təsnifatda liderliyi və mavi rəngli "Synergy" köynəyini özündə saxlayıb.

İlk 10-luqda "Synergy Baku" komandasının 2 üzvü yer alıb - Matey Müqerli 3-cü, Maksim Averin isə 7-ci yeri tutub.

Sprinterlərin mübarizəsində Sloveniyanın "Adria Mobil" komandasının digər üzvü Marko Kump yaşıl rəngli "SOCAR" köynəyinə yiyələnib.

Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsinə gəlincə, Çexiyanın "Dukla Praqa" komandasının üzvü Frantişek Sisr bənövşəyi rəngli "Ataholding" köynəyinə sahib çıxıb.

Ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutulan "AzVİF" köynəyinə isə Maksim Averin layiq görülüb.
Müəllif: Müxbir | 11-05-2015, 11:43
Oxunub: 535
    
Reklam