» » Göyçayda bir ay ərzində 126 min ədəd tut tingi əkilib

Göyçayda bir ay ərzində 126 min ədəd tut tingi əkilib

Göyçayda bir ay ərzində 126 min ədəd tut tingi əkilib

Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tipli tut bağlarının salınması məqsədi ilə Çin Xalq Respublikasından Azərbaycana gətirilən tut tinglərinin 86 min ədədi bölgü əsasında Göyçay rayonuna verilib.

Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, Göyçaya gətirilən tinglərin vaxtında əkilməsi üçün kənd sakinlərinin iştirakı ilə kütləvi iməciliklər təşkil edilib. On beş kəndin ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid boş torpaq sahələri ayrılıb, 12 hektar sahədə 86 min tut tinginin əkilməsi təmin olunub.

Bundan əlavə, Göyçayda baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə rayon sakinlərinin şəxsi təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə son bir ay ərzində Göyçayın 25 kəndində 50 hektar sahədə yerli tut tinglərindən ibarət yeni bağlar salınıb. Həmin bağlara ümumilikdə 40 min ədəd yerli tut tingi əkilib. Hazırda ağac əkini davam edir. Bu günlərdə rayona əlavə olaraq 30 min ədəd yerli tut tinginin gətirilməsi nəzərdə tutulur.

Çindən gətirilən tinglər hündür və iri gövdəli ağaclar olmadığından onlar bir-birinə yaxın əkilir. Lakin yerli tut ağaclarının çox böyük olacağı nəzərə alınaraq onlar bir-birindən aralı əkilir. Ona görə də yerli tut tinglərindən ibarət yeni bağların hər hektarına 800 ədəd ağac əkilib.

Qeyd edək ki, bu il Qax Damazlıq Baramaçılıq Stansiyasından inkubasiya olunmuş 1900 qram ipəkqurdu toxumu 100 qutu vasitəsilə Göyçaya gətirilərək 44 kümdar arasında paylanılıb. Bu, əvvəlki ildəkindən 3 dəfə çoxdur. Kümdarlar 5292 kiloqram barama istehsal edərək “Şəki İpək” ASC-yə təhvil veriblər. Bu isə əvvəlki illə müqayisədə 4153 kiloqram çoxdur.
Müəllif: jurnalist | 15-12-2017, 09:10
Oxunub: 456
    
Reklam