» » "Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir"

"Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir"

"Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir"

"Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "İrəli" İctimai Birliyinin bu gün keçirilən IV hesabat-seçki konfransında çıxışı zamanı deyib.

Ə.Həsənovun sözlərinə görə, bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir: "O, həmişə gənclərimizə böyük ümidlər bəsləmiş, onları Azərbaycanın gələcəyi adlandırmış və dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Bu məqsədlə müstəqil Azərbaycanda gənclər siyasətini həyata keçirmək üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratmışdır. Nazirlik yaradıldıqdan sonra gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görülmüş, bir sıra dövlət proqramları hazırlanmışdır".

PA rəsmisinin sözlərinə görə, 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirilməsi ölkədə müstəsna əhəmiyyətə malik hadisə idi: "Ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi Forum ölkəmizin qarşısında duran vəzifələrin reallaşmasında gənclərin fəal iştirak etməyə hazır olduğunu göstərmiş və gənclərlə işin ciddi şəkildə canlanmasına səbəb olmuşdur. 1997-ci il fevralın 1-də ilk forumun ildönümü münasibətilə fəal gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir. Həmin vaxtdan etibarən ənənəvi olaraq, hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar".

Ə.Həsənov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərlə birbaşa bağlı olan "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq olunub ki, onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və ciddi uğurlar əldə olunub: "Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunub. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilib".

PA rəsmisinin sözlərinə görə, 2007-ci ilin "Gənclər ili" elan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, respublikanın 20-dən artıq şəhər və rayonunda gənclər mərkəzlərinin inşası, 2013-cü ildə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi ölkə başçısının gənclərə diqqət və qayğısının əməli nəticəsidir: "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yaxından kömək edir. Bu günə qədər 5 qrant müsabiqəsinə yekun vurmuş Fond ümumilikdə 1457 layihə maliyyələşdirib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Fonda iki dəfə Prezidentin ehtiyat fondundan, bir dəfə dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb.

Cənab İlham Əliyev həmişə öz çıxışlarında bildirib ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına töhfələrini verməlidirlər".

Ə.Həsənov bildirib ki, Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir: "Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir".

Ə.Həsənov çıxışında xatırladıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində mürəkkəb ictimai-siyasi vəziyyətdə, sürətli iqtisadi tənəzzül, sosial gərginlik şəraitində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil dövlət quruculuğu prosesinə başlandı: "Həmin dövrdə Azərbaycanın daxili və xarici siyasətinə kənardan təsir göstərmək, onu idarə etmək üçün ciddi cəhdlər olmuşdur. Yalnız ulu öndərin uzaqgörənliyi, vətənpərvərliyi, qətiyyəti sayəsində antimilli qüvvələri neytrallaşdırmaq, milli dövlətçiliyimizi qorumaq, ölkəmizi dinamik inkişaf yoluna çıxarmaq mümkün olmuşdur. Sirr deyil ki, həmin qüvvələr bu gün də dövlətimizin müstəqil siyasi kursunu qəbul etmək istəmir, Azərbaycanı tərəqqi, sürətli inkişaf yolundan döndərmək üçün müxtəlif vasitələrə əl atır və yaxud onu öz təsirləri altına salmağa çalışırlar. Ancaq bu gün Azərbaycan güclü, sürətlə inkişaf edən, yüksək beynəlxalq nüfuza malik, dünya siyasətində öz yeri və rolu olan bir ölkədir".

PA rəsmisinin sözlərinə görə, müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir: "Belə ki, Azərbaycan dəyərlərinin, ictimai-siyasi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin öz yeri və xidməti vardır. Xalqlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə önəm verən gənclik xalqımıza məxsus olan ali dəyərləri qoruyub saxlayır, onun təbliğinə bütün gücünü və iradəsini sərf edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycan Gənclər Təşkilatının (AMOR) sədri, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) kampaniyasının rəhbəri Leyla Əliyevanın bir gənc olaraq Azərbaycanın səsinin yayılmasında xüsusi yeri və rolu vardır. Onun rəhbəri olduğu AMOR Rusiyanın bütün regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malik olan mühüm gənclər qurumlarından birinə çevrilib.

Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Bununla yanaşı o, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - IDEA-nın da əsasını qoyub. Əsas məqsəd ətraf mühitin mühafizəsi, planetimizin üzləşdiyi ekoloji təhlükə haqqında gənclərin məlumatlandırılmasıdır. İDEA müasir dövrün çağırışlarına cavab təşəbbüsüdür.

Yuxarıda göstərilənlərdən belə qənaətə gəlmək mümkündür ki, Leyla Əliyeva şaxəli fəaliyyəti, məqsədli əməlləri ilə bugünkü Azərbaycan gəncliyinə nümunədir. Gənclər görülən bu işlərə dəstək verməlidirlər.
Bu gün həyata keçirilən məqsədyönlü gənclər siyasətinin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Hazırda ölkəmizdə 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Bu qurumlar gənclərin milli-mənəvi, mədəni və ictimai-siyasi sahədə təşkilatlanması baxımından bazis rolunu oynayırlar. Tam məsuliyyətlə demək olar ki, gənclər təşkilatlarımızın resursları, reallaşdırdıqları layihə və proqramlar, həyata keçirdikləri tədbirlər xeyli təkmilləşmiş və inkişaf etmişdir. Onlar ölkənin ictimai həyatında yaxından iştirak etməklə yanaşı, dövlətin müxtəlif sahələrdə həyata keçirdikləri siyasətə könüllü dəstək verirlər. Bu baxımdan mən Azərbaycandakı gənclər təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirirəm".

Ə.Həsənov bildirib ki, gənclər təşkilatları sırasında özünəməxsus yeri olan qurumlardan biri də "İrəli" İctimai Birliyidir: "Birlik 26 avqust 2005-ci ildə ümumrespublika gənclər hərəkatı kimi fəaliyyətə başlamışdır. Əsas məqsədi Azərbaycanın parlaq gələcəyini düşünən, onu irəliyə aparan Prezident İlham Əliyevin yürütdüyü siyasət ətrafında sıx birləşməkdən və daima onu dəstəkləməkdən ibarət olan hrəkat 3 il fəaliyyət göstərdikdən sonra fəaliyyətini dayandıraraq, 24 dekabr 2008-ci ildə "İrəli" İctimai Birliyinə çevrilmişdir. Azərbaycanda insan kapitalının inkişafına dəstək olmağı əsas missiyası müəyyən etmiş "İrəli" yarandığı gündən yüzlərlə gənci öz ətrafına toplamış və maraqlı təşəbbüslərlə çıxış etmişdir.

Bu gün "İrəli" İctimai Birliyinin növbəti hesabat-seçki konfransıdır. Bu o deməkdir ki, Birlik ötən 2 illik dövrə yekun vurmaq və onu qiymətləndirməklə yanaşı, eyni zamanda rəhbər strukturlarını yeniləyir. İctimai birlikdə belə bir ənənənin qorunub saxlanması, daima yenilənmənin aparılması müsbət haldır. Fürsətdən istifadə edib, yeni seçiləcək Birlik rəhbərliyinə uğurlar arzu edirəm".

Ə.Həsənov çıxışında "İrəli" İctimai Birliyinin rəhbərliyində olanlara bəzi iradlarını da bildirib. PA rəsmisi onlara xalqla əlaqəni kəsməməyi tövsiyə edib: "Ayağınızın biri irəlidə, biri isə arxada olmalıdır. Xalqla əlaqəni kəsməyin. Xalqla əlaqənizi kəsəndə, başqa şəbəkələr sizdən istifadə etməyə çalışacaq".

Ə.Həsənov "İrəli" İctimai Birliyinin rəhbər şəxslərinin və üzvlərinin çıxışlarında Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adının çəkilmədiyini də qeyd edib: "Azərbaycan dövlətinin əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Onun ideyaları Azərbaycanın maraqlarına cavab verir və gələcək uğurlarımızın əsasını qoyub. Digər tərəfdən, bu gün burada Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə əsas rol oynayan Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin adları çəkilməli idi".

PA rəsmisi inandığını bildirib ki, bu tövsiyələrini "İrəli" İctimai Birliyinin yeni rəhbərliyi nəzərə alacaq, yeni rəhbər heyət dövlət orqanları, YAP-la əlaqələri gücləndirəcək, təşkilatın üzvü olan minlərlə gəncin həyatında xüsusi rol oynayacaq.

"İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev iradlarla razılaşdığını bildirib.
Müəllif: Müxbir | 27-06-2014, 23:16
Oxunub: 513
    
Reklam