» » Şirvanşahlar dövləti

Şirvanşahlar dövləti

Şirvanşahlar dövləti


Şirvanşahlar sülaləsinin hökmranlığında...

Şirvan ərazisində VIII-XVI əsrlərdə Azərbaycanın ən mühüm dövlət qurumlarından biri - paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşahlar dövləti mövcud olmuşdur. Orta əsrlərin Şərq tarixində bu, ən uzun müddət mövcud olmuş dövlət idi.
IX əsrin ikinci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi.
Şirvanşahlar dövləti Şirvanşahlar sülaləsi tərəfindən idarə edilmişdir. Bu dövlətin ərazisi şərqdə Dərbənddən Kür çayı mənsəbinə qədər Xəzər dənizi sahilərindəki ərazilərdən başlayaraq, Şirvan tarixi vilayətilə yanaşı, qərbdə bəzən Gəncə şəhərinə qədər uzanmış, ayrı-ayrı vaxtlarda Şəki və Qarabağı, o cümlədən Beyləqanı da əhatə etmişdir. Paytaxtı Şamaxı (bir müddət Bakı) olmuşdur.
Antik müəlliflər Şirvanın adını çəkmirlər. Bu ad Sasanilər dövründən məlumdur. VI əsrin 1-ci yarısında Şabran və Gilgil çayları arasında Sasanilər tərəfindən yaradılmışdı. Sasani hökmdarı I Xosrov şimal sərhədlərini qorumaq üçün sərhəd boyunda yerləşən ayrı-ayrı əyalətlərə qohumlarından hakimlər təyin etdi. Şah titulu verilmiş bu hakimlər arasında digərlərilə yanaşı, Şirvanşahların da adları sadalanır. Bu vilayətlərin siyahısı, ehtimal ki, Albaniyanın Sasanilər vaxtında inzibati cəhətdən mərzbanlıqlara bölündüyü dövrdən qalmışdır. Ərəblərin dövründə və sonralar həmin vilayətlər Şirvan dövlətinin tərkibinə daxil idi.
Şirvan hələ qədimdən müxtəlif yerli tayfalar və gəlmə köçərilərlə məskunlaşmışdı. Bunu yazan mənbələrlə yanaşı, arxeoloji və toponimik materiallar da sübut edir. Orta əsr müəllifləri eramızın başlanğıcından Şirvana türkdilli hunlar, sabirlər və xəzərlərin yürüşləri barədə məlumat verirlər. Köçərilərin basqınlarından qorumaq məqsədilə Sasani hökmdarları I Qubad və I Xosrov Anuşirəvan Şirvana Lahican, Təbəristan, Gilan və s. əyalətlərindən irandilli tayfa köçürmüşdü. Türkdilli tayfaların Şirvana axını VI əsrdə xüsusilə güclənmişdi. Həmin dövrdə Qafqazda ən qüdrətli tayfa birliyi Dağıstan ərazisində yaşayan sabirlərə məxsus idi. Onlar Şirvanı və Arranı tutub keçmiş məkanları olan Dərbənd-Qəbələ zonasına yayılmışdılar. Təqribən I əsrdə orada yaşayan sabirilərin bir qismi yeli əhali ilə qaynayıb qarışaraq oturaq həyata keçmişdir. Şimali Qafqazda yaşayan türk tayfa ittifaqına qalib gələn I Xosrov Anuşirəvan əsir alınmış 3 min hərbi başçını, o cümlədən ailələrilə birlikdə 50 min nəfərdən ibarət türk döyüşçüsünü Arran və Şirvanda yerləşdirdi. Türkdilli tayfaların Şirvanda məskunlaşması prosesi intensiv olaraq davam etmişdir. VII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd əsir aldığı 40 min xəzəri Samur və Şabran arasındakı əraziyə köçürmüşdü.
Ərəblər dövründə (X əsr və sonralar) Şirvanın sərhədləri şimalda Qafqaz dağlarının cənub-şərq ətəkləri, cənub-qərbdə onu Arrandan və Muğandan ayıran Kür çayı, şimal-qərbdə Qanıx (ərəb qohumlarından hakimlər təyin etdi. Şah titulu verilmiş bu hakimlər arasında Şirvanşah da var idi. Əl-Bəlazuri Şirvanşah adını Xosrov Ənuşirəvanın Şərqi Zaqafqaziyaya təyin etdiyi xırda padşahlar sırasında çəkir. Ibn Xordadbeh ilk Sasani şahənşahı Ərdəşirin (224-241-ci illər) vilayət hakimlərinə verdiyi şiriyanşah (şiranın bir variantı) titulunun adını çəkir.
Savaşlar məngənəsində
Məzyədi nümayəndəsi Heysam ibn Xalidin rəhbərliyilə 861-ci ildə Şirvan müstəqillik qazanır, Şirvanşahlar dövləti yaradılır və Heysam Şirvanşah tütulu qazanır. 917-ci ildə Lahicanşahlığı da Şirvanşahlar dövlətinə birləşdirilir. Şirvanşah Əbu Tahirin (917-948) dövründə, 918-ci ildə Şamaxı şəhəri bərpa edilir və dövlətin paytaxtı olur. 981-982-ci illərdə Qəbələ və Bərdə Şirvanşahlar dövlətinə birləşdirilir. Səlcuq türklərinin Azərbaycana, o cümlədən Şirvana yürüşləri və Azərbaycan torpaqlarının Böyük Səlcuq imperatorluğunun tərkibinə qatılması nəticəsində 1066-cı ildə Şirvanşahlar dövləti səlcuqların vassalına çevrilir. Şirvanşah I Fəribürzün (1063-1066) hakimiyyəti dövründə Şirvanşahlar dövləti yenidən dirçəlməyə başlayır. 1120-1160-cı illərdə hakimiyyətdə olan III Mənüçöhr arvadı Tamaranın təhriki ilə Şirvanşah dövlətinin səlcuqlar ilə ittifaqını pozmuş və gürcülərlə ittifaq bağlamışdır. Bunun nəticəsində Səlcuq hökmdarı Sultan Mahmud 1123-cü ildə Şirvana yürüş etmiş, lakin müvəffəqiyyət qazana bilməmişdir. 1160-cı ildə Tamara saray çevrilişi etməyə cəhd göstərsə də, çevriliş uğursuz nəticələnir və I Axistan (1160-1196) Şirvanşah elan olunur. Bu dövrdə Şirvanşahlar dövləti xeyli qüvvətlənir, müstəqil siyasət yürütməyə başlayır. 1173-cü ildə Şirvanşah I Axistan Gürcüstana uğurlu yürüş edir. 1175-ci ildə isə Şirvana hücum etmiş birləşmiş slavyan qoşunları darmadağın edilərək ölkədən qovulur. 1192-ci ildə Şamaxıda güclü zəlzələ baş verir və dövlətin paytaxtı Bakıya köçürülür. 1203-cü ildə hakimiyyətə Şirvanşah Güştasb (1203-1225) gəlir. XII əsrin iyirminci illərində monqolların Azərbaycana yürüşü zamanı Şamaxı və digər şəhərlər dağıdılıb bərbad vəziyyətə salınır. Şirvanşah dövlətinə 1125-1243-cü illərdə III Fəribürz, 1243-1260-cı illərdə isə II Axistan başçılıq edirlər. Sonrakı dövrlərdə Azərbaycanı, o cümlədən Şirvanı əvvəlcə hülakilər, sonra isə cəlairilər idarə edirlər. 1367-ci ildə Şirvanda cəlairilərə qarşı üsyan baş verir və Şirvanşah Kavus Təbrizi azad etmək üçün yürüş keçirməyə cəhd edir. 1382-ci ildə Şirvan əhalisi qiyam edib Kəsranilər sülaləsini hakimiyyətdən salır. Sülalənin sonuncu nümayəndəsi Hüşəng öldürülür. Şirvanşah I Ibrahim Şirvanda hakimiyyətə (1382-1417) gəlir. I Ibrahim XIV əsrin sonlarında və XV əsrin əvvələrində Şirvanı əmir Teymurun işğalından qoruyur, Şirvanşahların Teymur və onun sələfləri ilə müttəfiqliyinin əsası qoyurur. XV əsrin əvvəllərində Şirvanşahlar dövləti istisna olmaqla, Azərbaycanda hakimiyyəti ələ keçirmiş qaraqoyunlular 1412-ci ildə, Kür sahilində Şirvanşah I Ibrahimin və onun müttəfiqlərinin birləşmiş qoşunlarını məğlub edir, nəticədə Şirvanşahlar dövləti Qaraqoyunlu dövlətinə yüksək xərac verməyə məcbur olur. 1413-cü ildə I Ibrahim, Qaraqoyunlu Qara Yusifin vassallığını qəbul etməyə məcbur olur. 1417-ci ildə Şeyx Ibrahimin ölümündən sonra Şirvanı onun böyük oğlu və varisi şirvanşah I Xəlilullah idarə etməyə başlayır.
Böyük dövlətçilik ənənəsi
Xəlilullah öz hakimiyyətinin ilk illərində atası şeyx Ibrahim kimi xarici siyasətində Teymurilərə arxalanaraq, Qaraqoyunlu padşahlarından asılılığını rədd edir. 1427 və 1434-cü illərdə Qaraqoyunlu hökmdarı Isgəndər Şirvana yürüşlər keçirir. Şirvan və Şamaxı bir neçə dəfə qaraqoyunlular tərəfindən talan edilir. 1435-ci ildə Şirvanşahlar və Teymurilərin birləşmiş qüvvələri Təbriz yaxınlığında Qaraqoyunluları məğlub edir. Öz dövlətlərini yaratmağa cəhd edən səfəvilər, 1460-cı ildə Şeyx Cüneydin başçılığı ilə Şirvana hücum edirlər. Artıq Qaraqoyunlu şahı Cahan şahla müttəfiq olan Şirvanşah I Xəlilullah, onların köməkliyilə, Samur çayı sahilində səfəviləri məğlub edir və Şeyx Cüneyd öldürülür. Xəlilullah isə təqribən əlli illik hakimiyyət sürdükdən sonra 1465-ci ildə Bakıda vəfat edir və Şirvanşahlar sarayı kompleksində tikilmiş xüsusi məqbərədə dəfn olunur. Onun oğlu Fərrux Yasar Şirvanşah olur. Şeyx Cüneydin oğlu Şeyx Heydərin başçılığı ilə, səfəvilər 1483, 1487 və 1488-ci illərdə üç dəfə Şirvana hücum edirlər. 1488-ci ildə, Ağqoyunlularla saziş bağlamış Şirvanşah Fərrux Yasar, onların köməkliyilə Səfəvilərə qalib gəlirlər və Şeyx Heydəri öldürürlər. 1500-cü ildə səfəvi Şah Ismayıl Şirvana hücum edir və Cabanı döyüşündə Şirvanşahları məğlubiyyətə uğradır, Fərrux Yasar öldürülür və Şirvanşahlar Səfəvilər dövlətindən asılı vəziyyətə düşür. Səfəvi hökmdarı I Təhmasibin hakimiyyəti illərində, 1538-ci ildə Şirvanşahlar dövlətinin müstəqilliyi ləğv edilir və Şirvan vahid Azərbaycan dövlətinin tərkibinə daxil edilir.
799-cu ildən 1538-ci ilədək Şirvanşahlar paytaxtı Şamaxıda yerləşən müstəqil dövlət kimi mövcud olmuşdur. XVI əsrdə Şirvan Səfəvilər dövlətinin tərkibinə daxil edilmiş və XVIII əsrdə bir xanlıq kimi fəaliyyət göstərmişdir. Nəhayət, 1813-cü ildə Şirvan ərazisi Gülüstan müqaviləsinin nəticəsində Rusiya Imperiyasının tərkibinə daxil edilmişdir.
XI əsrdən etibarən Şirvanşahlar dövləti regionda baş verən hadisələrin mərkəzində olduğundan, XI-XII əsrlərdə bir neçə qala - Qız qalası (Bakı), Gülüstan qalası (Şamaxı yaxınlığında), Mərdəkan qalası, Buğurd qalası (Ağsu çayı sahilində) inşa olunur. XV əsrdə Bakıda möhtəşəm Şirvanşahlar sarayı tikilir.
Müəllif: Müxbir | 30-05-2014, 23:37
Oxunub: 590
    
Reklam