» » Heydər Əliyev siyasəti qüdrətli Azərbaycan yeni zirvələrə daşıyır

Heydər Əliyev siyasəti qüdrətli Azərbaycan yeni zirvələrə daşıyır

Heydər  Əliyev siyasəti qüdrətli  Azərbaycan yeni zirvələrə daşıyır

15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü hər bir azərbaycanlıya iftixar hissləri bəxş edən bir gündür.
1993-cü ilin 15 İyununda dünya şöhrətli siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi. Ulu öndərimiz özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman respublikadakı xaos və anarxiyanın, vətəndaş qarşıdurması təhlükəsinin, getdikcə dərinləşən sosial-iqtisadi böhranın, kəskin tənəzzülün qarşısının alınmasını, dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin etdi. Xalqımız Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə - dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu.
Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini uğurla müəyyənləşdirmiş dahilər yetişmişdir.
Tarixin yazılmasında, qələmə alınmasında tarixiçilərin böyük əməyi olduğu kimi, tarixi hadisələrin ərsəyə gəlməsində də tarixi şəxsiyyətlərin rolu böyükdür. Tarixdə bəzi insanlar var ki, onların adları bir xalqın adına bərabərdir. Xalqının adını çəkəndə ilk ağıla məhz o şəxsiyyətlər gəlməkdədir. O tarixi şəxsiyyətlər isə öz adlarında bütün bir xalqı ehtiva edə bilir.
Azərbaycan xalqı da xoşbəxtdir ki, ona taleyinin ən ağır və çətin dövrlərində milli maraqları hər şeydən üstün tutan, zəkası, dühası və istedadı ilə tarix yazan, bütün ömrünü doğma xalqının firavan gələcəyi naminə mübarizəyə həsr edən Heydər Əliyev kimi dahi şəxsiyyət öndərlik etmişdir. Müasir Azərbaycan dövlətinin qurucusu, xalqın, dövlətin müstəqilliyi və inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev taleyüklü problemləri həll edən xilaskar tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət olmuşdur.
Ümummilli Lider bütün həyatını canından çox sevdiyi Azərbaycanın rifahına və tərəqqisinə, müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə və davamlı inkişafına həsr etmişdir. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində Heydər Əliyev uzaqgörən siyasəti, yüksək intellekti, güclü siyasi iradəsi, böyük əzmkarlığı və fədakarlığı ilə üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlmiş, çoxşaxəli titanik fəaliyyəti ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır.
Ümummilli Lider gənclərin ixtisaslı milli kadr kimi yetişməsi məsələsini ön plana çəkmişdir ki, bu da dahi şəxsiyyətin böyük uğurlarından hesab edilir. Əslində, bu prinsipdən Heydər Əliyev ötən əsrin 70-ci illərində istifadə etməyə başlamışdı. Bildiyimiz kimi, hələ sovet dövründə Azərbaycanda müxtəlif ixtisaslar üzrə təhsil alan milli kadrlar keçmiş SSRİ-nin aparıcı ali təhsil müəssisələrinə göndərilməklə ölkənin həyatında mühüm rol oynayan peşəkar mütəxəssis kimi yetişirdilər.
Əbədiyaşar liderin özündən sonra layiqli siyasi varis yetişdirməsi və zəngin idarəçilik məktəbini miras qoyması onun xalqımızın etibarlı və nurlu gələcəyini təmin edən müstəsna xidmətlərindən hesab edilir. Prezident İlham Əliyev Ulu Öndərin ideyalarına sadiq qalmaqla onun müəyyən etdiyi strateji inkişaf xəttini uğurla davam etdirir. Aparılan düşünülmüş, məqsədyönlü, ardıcıl və sistemli siyasətin nəticəsində hazırda Azərbaycan öz inkişafında müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə qədəm qoymuş və bölgədə yeni geosiyasi reallıqlar yaradan ölkəyə çevrilmişdir.
Heydər Əliyev siyasətinin təntənəsi olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində tarixi Zəfərə imza atılması ilə Ümummilli Liderin ən vacib vəsiyyəti həyata keçdi, 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Bu gün hər birimiz ərazi bütövlüyü bərpa edilmiş müstəqil ölkənin vətəndaşı olmaqdan sonsuz qürur hissi keçiririk.
İndi Qarabağda və Şərqi Zəngəzurda sürətli abadlıq və quruculuq işlərinin aparılmasına, regional əhəmiyyətli iri transmilli layihələrin reallaşdırılmasına, bir sıra beynəlxalq səviyyəli tədbirlərin və festivalların keçirilməsinə nail olunması Ulu Öndərin uzaqgörən siyasətinin qələbəsi deməkdir.
Ulu öndər üçün Qarabağa qayıdış prioritet məsələ idi. Onun arzusu Qarabağı, Qarabağın incisi Şuşanı, işğal edilən rayonlarımızı azad görmək idi. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır.
Qarabağ əbədi azadlığına qovuşmuşdir. Bu qələbəni bizə bəxş edən Prezident İlham Əliyev başda olmaqla, mübariz və müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə sonsuz minnətdarlığımızı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Öz həyat və fəaliyyəti ilə ümummilli liderlik zirvəsinə yüksələn Heydər Əliyevin Azərbaycan tarixinin şərəfli səhifələrinə çevrilən ömür yolu hər birimiz üçün zəngin həyat məktəbidir.
Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək, müstəqillik dövründə Azərbaycanın əldə etdiyi böyük tarixi uğurlar, ölkəmizi firavan gələcəyə doğru aparan yol məhz Milli Qurtuluş Günündən başlanır. Ona görə də Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Bayramınız mübarək olsun!
YAP Göyçay rayon təşkilatının fəalı: Gülşən Muradova








Müəllif: Anar | 11-06-2022, 16:30
Oxunub: 90
    
Reklam