» » Milli cins atların cıdır yarışlarına start verilir

Milli cins atların cıdır yarışlarına start verilir

Milli cins atların cıdır yarışlarına start verilir

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) rəhbərliyi arasında görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə yerli genofondun ən qiymətli nümunələri olan Qarabağ və Dilbaz at cinslərinin, eləcə də ölkədə yetişdirilən cins idman və digər təyinatlı atların qorunub saxlanılması, damazlıq atçılıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, damazlıq şəbəkəsinin genişləndirilməsi, yetişdirmə, bəsləmə, məşq və sınaq işlərinin səviyyəsinin daha da yüksəldilməsi, atçılıqda keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bütövlükdə bu sahənin inkişafı istiqamətində müzakirələr aparılıb.

Bildirilib ki, son illər dövlətimiz tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlər görülür. 2007-ci ildə “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, atçılığın inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib.

Görüşdə Qarabağ atlarının əvvəlki şan-şöhrətinin özünə qaytarılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Görüş zamanı Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə milli cins atların cıdır-sınaq yarışlarının təşkili barədə razılıq əldə olunub. İlk olaraq cıdır yarışlarına Bakı Dövlət Cıdır Meydanında start verilməsi barədə qərar qəbul olunub. Burada cıdır zolağının beynəlxalq yarış standartlarına cavab verməsi üçün işlərə başlanılıb. Artıq cıdır meydanlarının (ippodromlar) təşkili işinə yerli və xarici mütəxəssislər cəlb olunub.

Bununla yanaşı, yaradılacaq digər İşçi Qrup atların DNT təhlillərinin daha təkmilləşdirilmiş şəkildə davam etdirilməsi işi ilə məşğul olacaq, atların identifikasiya (mikrociplənmə, pasportlaşma və s.) prosesinə dəstək göstərəcək. Bu prosesin yekunu olaraq atlara dünya standartına cavab verən pasportlar veriləcək. Həmin pasportlarla xaricə satılan atların daşınması da mümkün olacaq. Atların identifikasiyası prosesinin yekunu olaraq Damazlıq Kitabının bərpa olunması və davamlı təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ən qısa zamanda milli cins atların cıdır yarışlarına start verilməsi üçün bütün zəruri addımlar atılacaq.
Müəllif: Anar | 15-02-2022, 08:33
Oxunub: 87
    
Reklam