» » QARA DƏNİZ SAHİLLƏRİNƏ AZƏRBAYCANLI AXINI

QARA DƏNİZ SAHİLLƏRİNƏ AZƏRBAYCANLI AXINI

QARA DƏNİZ SAHİLLƏRİNƏ AZƏRBAYCANLI AXINI

“Azərbaycanlılara yay və qışda istirahət üçün Gürcüstana getməyi tövsiyə edirik”. Bu cür şüarlarla tez-tez postmodernist yazarlar çıxış edir. Onlar azərbaycanlı oliqarxlara məxsus, baha və keyfiyyətsiz istirahət zonalarına getməkdənsə, bundan daha ucuz qiymətə başa gələn Batumi, Tiflis istirahətini təbliğ edirlər. Üstəlik, Qara dənizin sahilləri faktoru da bu seçimin təbliğatında mühüm rol oynayır. Son 4-5 ildə Batumi istirahəti də azərbaycanlıların seçimləri sırasında yer alıb. Maraqlıdır, qonşu ölkədə istirahət bizlər üçün sərfəlidir, yoxsa yenə də bir gurultulu reklamın qurbanına çevrilmişik?
İki turist, iki fərqli fikir - Gürcüstanda istirahət yaxşıdır, ya pis?

İki gün öncə Batumi istirahətindən qayıdan 30 yaşlı G. Zeynallı deyir ki, orada infrastruktur Azərbaycanın istirahət zonalarındakından geri qalır. Müsahibimizin sözlərinə görə, Batumiyə gedən turist yemək, hotel xərclərinə görə əziyyət çəkmir. Amma pal-paltar qiymətləri əl yandırır: “Qara dəniz sahillərində qum yoxdu. Üstəlik, dəhşət isti idi. Bakıdakı hərarəti 3-ə vur, hesab elə ki, yanırsan. Dubaydakı kimi istidir hər yer”.
G. Zeynallı dedi ki, Batumidə gündəlik istirahət 40 manata başa gəlir. Müsahibimiz bu məbləğə hotel xərclərinin və 2 dəfə - səhər və axşam - yeməyin daxil olduğunu dedi: “Amma Batumidə turizmin inkişaf etdiyini demək olmaz. Gürcülərin pullari yoxdu axı. Bilinir ki, kasıb yerdi. Sadəcə, reklamı super qurulub. Binalar, yollar - hər tərəfdən gözəllik axır. Bizdə pul boldu deyə dekorasiya da yüksəkdir. Orda isə imkanlar genişdi. İnsanlar az pulla çox şey etmək istəyirlər. Amma cəmiyyət bizdən irəlidədir. Çox inkişaf ediblər. Azərbaycana turistlər həm də cəmiyyətin o qədər də inkişaf etmədiyini bilib gəlmirlər”.
Tanınmış jurnalist İlhamiyyə Rza üçünsə Tifis istirahətinin yeri ayrıdır. Müsahibimiz ötən Yeni il bayramını qonşu şəhərdə keçirib. İ.Rza hesab edir ki, Azərbaycanın bahalı istirahət mərkəzlərində aşağı xidmət qarşılığında çox pul ödəməkdənsə, Tiflisi seçmək daha maraqlıdır: “Tiflisdə gəzməli yerlər çoxdur. Üstəlik, ucuzluqdur. Ümumiyyətlə, ölkədəki xidmətin səviyyəsi elədir ki, az pulla normal istirahət etmək olur. Bundan başqa, insanı maddi baxımdan istismar etmə cəhdləri yoxdur deyə bu davranış da adama müsbət təsir bağışlayır”.
İ.Rza həmçinin gürcülərin ifrat millətçi olmaları ilə bağlı təəssüratın da yanlış olduğunu dedi. Onun sözlərinə görə, qonşu millət millətçi yox, vətənpərvərdir: “Tiflisdə tarixi yerlər çoxdur. Adam orada həm normal istirahət edə bilir, həm də gəzintiyə çıxır. Üstəlik, sərhəddə qarşılaşdığın insani münasibət də səndə bu ölkə barədə müsbət təəssürat yaradır”.

Gürcülər tənbəldir, yeməkləri də dadsızdır

Bir-birindən fərqli iki təəssürat və bir ölkə. Amma obyektivlik naminə bu günə qədər Batumidə istirahət etmiş bəzi müsahiblərin də fikirlərini də yada salmaq istərdik. Ötən yay Batumidə istirahət etmiş həmkarlarım sözügedən şəhərin turizmdə o qədər də irəli getmədiyini düşünür. Onların fikrincə, gürcülər tənbəl millət olduqları üçün bu sahəni inkişaf etdirə bilməyiblər. Bundan başqa, Gürcüstan mətbəxinin turizm üçün heç nə nəzərə almaması, gürcü yeməklərinin isə turist menyusuna xitab etməməsi sadalanan narazılıqlar sırasında idi. Bu qisim müsahiblər düşünür ki, Batumidə qiymətlər ucuz olsa da, turizm lazımi səviyyədə inkişaf etməyib.

Ötən il Gürcüstana ən çox Azərbaycandan turist gəlib

Respublika xəbərləri qəzetinin və xeberleragentliyi.com sayıtının rəhbəri A. Əlişahoğlu Gürcüstandakı turizmlə bağlı maraqlı araşdırması olub. Həmin məqaləyə görə, ötən illə müqayisədə Gürcüstanda turizm bumu müşahidə olunur. Yanvar-may aylarında ölkəyə 880 min qonaq gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz çoxdur. Bu il isə hökumət 3 milyona yaxın turist gözləyir. Ölkənin iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobaliya turizm biznesinin nümayəndələri ilə turizm biznesində mövcud problemləri müzakirə edərkən deyib ki, bu ilin may ayında Gürcüstana gözlədiyimizdən çox turist gəlib. İlin sonunadək ölkəyə gələcək qonaqları qarşılamağa hazır olmalıdırlar, çünki 3 milyon turistin gəlişi gözlənilir. 2015-ci ilədək gözlənti isə 5 milyondur.
Qonşu ölkədə "Global Star" Assosiasiyası bir neçə ildir ki, mehmanxana və restoranlara ekspert baxışı keçirib müvafiq ulduzlar verir. Assosiasiyanın təsisçisi və direktoru David Sucaşvili deyir ki, Gürcüstandakı mehmanxana və qonaq evləri əsasən 2-3 ulduzludur. Onun fikrincə, mehmanxana sahiblərinin münasibətini dəyişməyə ehtiyac var: "Qonaqpərvərliyimiz hamıya məlumdur, ancaq kommersiya şəraitində hər şey dəyişir. Qəribədir - şəxsi qonaqlarımıza pulsuz qulluq etdiyimiz halda, bundan ötrü pul ödəyən turistlərə keyfiyyətli xidmət təklif edə bilmirik».

7 günlük istirahət 535 manatdır

Orta qiymətlərə gəlincə, turizm şirkətləri arasında apardığımız araşdırmaya görə, Batumidə 7 gün istirahət orta hesabla 535 manatdır. Buraya aviabilet, hoteldə qalmaq, 3 dəfə yemək, transfer, sığorta daxildir. Amma qonşu ölkəyə qatarla və ya avtobusla getmək istəyənlər daha az xərc çəkir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov qeyd edir ki, Gürcüstanda istirahət Azərbaycandakından 2 dəfə ucuzdur.
Onun fikrincə, qiymətin bahalığı turizm sahəsində əsas problemlərdən biridir. V.Bayramova görə, məhz bu səbəbdən vətəndaşlar çox vaxt qonşu ölkələrə gedirlər. “Son vaxtlar Gürcüstana gedən turistlərin sayı kəskin artıb”, - deyə o əlavə edib.
Ekspert hesab edir ki, turizmdə elektron hökumət elementlərini aktiv şəkildə tətbiq etmək lazımdır: “Turist obyektlərinin çoxunun internet saytı yoxdur. Nəticədə turist internet vasitəsilə nömrə bron edə bilmir”.

Gürcü nazir ortaq istirahət təklif edir - azərbaycanlı sahibkarlara yaşıl işıq

Gürcüstan turizm sahəsində Azərbaycanla əməkdaşlığını genişləndirmək məqsədilə konkret təkliflər hazırlayıb. Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliya bilidirib.
“Hazırda bizdə turizm sahəsində konkret təkliflər var və düşünürəm ki, onlar Azərbaycan sahibkarlarını maraqlandıra biləcəklər, çünki çoxlu insanlar istirahət etmək üçün Azərbaycandan Gürcüstana gəlirlər” deyə Kobaliya bildirib.
Onun sözlərinə görə, statistikaya əsasən, 2010-cu ildə yarım milyona yaxın azərbaycanlı turist istirahət üçün Gürcüstana gəlib və keçən qışda da 40 faizli artım müşahıdə olunurdu.
“Qara dənizin sahilində bizim iki turist zonası var ki, orada azərbaycanlı investorlara pulsuz torpaq sahələrini və 15 il ərzində vergilərdən azad olunmasını təklif edirik. Gürcüstan həmçinin bütün kommunikasiya-infrastrukrur işlərinin həyata keçirilməsini öz üzərinə götürür. Azərbaycan investorları avropalı dizaynerlər tərəfindən yaradılmış müxtəlif arxitektur layihələr arasından seçə və ya öz layihəsi ilə gələ biləcəklər”, - Kobaliya deyib.
Nazirin sözlərinə görə, hazırda turistlərin Gürcüstana marağı artmaqdadır, mehmanxanalarda otaqların qıtlığı mövcuddur və ona görə bu cür təklif Azərbaycan sahibkarları üçün çox maraqlı ola bilər: “Beləliklə, xarici turistlər 5-7 günlük səfəri əvəzinə iki həftəlik istirahət üçün ödəyib, həm Gürcüstanda, həm də Azərbaycanda istirahət etmək imkanını bir paketdə əldə edərdilər”, - nazir deyib.
Sonda... Bir ölkə, onlarla fərqli baxış. Gürcüstanda istirahəti tərcih edənlərlə yanaşı, ona dodaq büzənlər də var. Amma hər tərəfdən turizmini inkişaf etdirən ölkələrin əhatəsində olan Azərbaycan da bu rəqabətdə ayaqda dayana bilmək üçün hansısa addımlar atmalıdır. İşə öncə qiymətləri aşağı salmaqla başlamaq olar. Gerisi onsuz da düzələcək...
Respublikamızla qonşu Gürcüstan arasında qiymət fərqini sizdə yaxşı bilirsiniz. 950 km yol qətt edib Gürcüstana getməkdənsə Azərbaycanda süni qiymət artıranlara qarşı öz mövqeyimizi bildirməyin vaxtıdır. Gözəl ölkəmizdə aylarla istirahət üçün topladığımız pulları xərcləməyi hamı istəyir. Qara dəniz sahilində dincəlmək xoşdur amma Xəzər dənizimiz var, natəmizlik və sərhədlərə alınsada, amımızın Xəzərdən istifadə etmək hüququ var. Kimlərsə öz mənafeyi üçün bu dənizi zəbt edib, dövlətimiz bu hallara qarşı öz mövqeyini bildirəcək. İnşallah bizdədə çərxi fələyə qalxmış qiymətlər düşər hamımız bu vəziyətdən ürəkdən istifadə edib öz pulumuzu öz ölkəmizdə xərcləyərik....
Müəllif: jurnalist | 3-08-2015, 12:11
Oxunub: 710
    
Reklam