» » 30 il ərzində heç bir müsbət irəliləyişə nail olmayan Minsk Qrupuna artıq gərək yoxdur - TƏHLİL

30 il ərzində heç bir müsbət irəliləyişə nail olmayan Minsk Qrupuna artıq gərək yoxdur - TƏHLİL

30 il ərzində heç bir müsbət irəliləyişə nail olmayan Minsk Qrupuna artıq gərək yoxdur - TƏHLİL

Ermənipərəst mövqeyini heç bir zaman gizlətməyən, əksinə, hər zaman Ermənistanı açıq-aşkar müdafiə etməyə çalışan Fransa ATƏT-in Minsk Qrupunu (MQ) yenidən gündəmə gətirməyə çalışır. Belə ki, Fransanın Yerevandakı səfiri bildirib ki, Fransa və Rusiya prezidentlərinin telefon danışğı zamanı ATƏT-in MQ çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. O ATƏT MQ ki, 30 illik fəaliyyəti dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində heç bir müsbət irəliləyişə nail olmayıb. Əksinə, lazımsız səfərlər və bəyanatlarla münaqişənin uzanmasına bais olublar.

Bununla bağlı Azərbaycanın çoxsaylı xəbərdarlıqlarına (Azərbaycan hansı yolla olur-olsun, öz torpaqlarını işğaldan azad edəcək) baxmayaraq, Minsk Qrupu öz çaldığı havaya oynadı. Azərbaycan isə uzun illər səbr nümayiş etdirdi - bəlkə bir gün reallığı dərk edib haqq yoluna gələrlər deyə. Lakin nə oldu? Ermənistan həddini aşdı, sərsəm bəyanatlar səsləndirdi, ölkəmizə qarşı yeni ərazi iddialarına qalxdı, eləcə də işğal altında saxladığı Azərbaycan ərazilərinə Livandan, oradan-buradan terrorist ailələr köçürdü. Bəs, o zaman ATƏT MQ harada idi? Niyə Ermənistanın heç bir hüquqa və beynəlxalq prinsiplərə sığmayan təxribatlarına susmuşdu?

Bütün bunları görən Azərbaycan əlbəttə ki, son variant kimi hərb yoluna əl atacaqdı, necə ki, atdı. Nəticədə, düz 44 günə Ermənistan ordusunu və dövlətini darmadağın etdi, 30 ilə yaxın işğal altında olan torpaqlar düşmən tapdağından azad edildi. Bununla uzun illərdir davam edən münaqişə də bitdi. Belə olan təqdirdə, ATƏT-in Minsk Qrupuna bir gərək varmı? Əlbəttə ki, xeyr!

Amma nədənsə müharibədən sonra bu qrupun həmsədrləri yenidən əl-ayağa düşüblər. Münaqişənin həll edilməsinin ürəklərincə olmadığını hər vəchlə nümayiş etdirirlər. Xüsusən də erməni lobbisinin təsiri altında olan Fransa hakimiyyəti və parlamentinin ermənipərəst mövqeyi daha qabarıq görünür. Lakin bu mövqe qəbuledilməz və yolverilməzdir. Təbii ki, bütün bunlar heç bir praktiki nəticəyə gətirib çıxarmayacaq.

ATƏT MQ-nin, eləcə də Fransanın onların bu niyyətlərinə qarşı ən tutarlı sözləri məhz Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. Dövlət başçısı ötən il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən bunları dedi: “Son görüşümüzdən uzun müddət keçib, bu, ötən il olmuşdur. Bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir.

Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür”.

Prezident İlham Əliyev daha sonra vurğuladı ki, biz səbirliyik: “Biz hazırlaşırdıq. Biz bütün işləri lazımınca apardıq. İyulda ilk erməni təxribatına cavab vermədik, yəni dövlət sərhədini keçmədik, halbuki, bunu edə bilərdik. Biz avqustdakı ikinci erməni təxribatına səbirlə yanaşdıq. O vaxt onlar insanlarımızı qətlə yetirmək üçün diversiya dəstəsi göndərdilər. Lakin üçüncü dəfə, sentyabrda biz cavab tədbirlərinə keçdik. Elə cavab verdik ki, onların Ermənistan ordusunu və demək olar ki, erməni dövlətini məhv etdik və ərazimizdə cinayət rejiminə son qoyduq, erməni millətçilərinin üzdəniraq “artsax” xülyalarını dağıtdıq. O, mövcud deyil. Paşinyan deyirdi ki, “Qarabağ Ermənistandır”. O, səhv etdi və layiqli cəzasını aldı. O, bu alçaltmaya layiqdir. Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi”.

Beləliklə, münaqişə artıq həll olunub, Azərbaycan öz gücünə BMT TŞ-nin müvafiq qətnamələrinin icrasına nail olub, öz ərazi bütövlüyünü bərpa edib. Ona görə də ATƏT MQ-nin bu istiqamətdə hər hansı bir fəaliyyətinə artıq heç bir əsas qalmayıb. Bundan sonra həmsədrlərin öz fəaliyyətini bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, 10 noyabr bəyanatında nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi, kommunikasiyaların açılması və s. istiqamətlərdə qurması daha məqsədəuyğundur.
Müəllif: Anar | 5-05-2021, 18:26
Oxunub: 175
    
Reklam