» » Ağdaşda suvarma mövsümünə hazırlıq işləri yekunlaşmaq üzrədir

Ağdaşda suvarma mövsümünə hazırlıq işləri yekunlaşmaq üzrədir

 Ağdaşda suvarma mövsümünə hazırlıq işləri yekunlaşmaq üzrədir

Ağdaş rayonu qədim əkinçilik rayonlarından biri hesab olunur. Bu ərazidə əkinçilik hələ ötən əsrlərdən inkişaf edib. Əvvəllər Türyançay çayından müxtəlif üsullarla su götürülürdü ki, bu da sahələrin suvarma suyu ilə təminatında o qədər də effektli sayılmırdı. 1956-cı ildə Türyançay su qovşağının tikilməsindən sonra Ağdaş rayonu ərazisində suvarma davamlı hal aldı.

Türyançay su qovşağının baş qurğusu Ağdaş rayonunu suvarma suyu ilə tam təmin edir. Bu qurğu rayon suvarmasının əsas arteriyası sayılır.

Türyançay su qovşağı 302 min kubmetr suyu buraxma gücünə malikdir. Hidroqovşaqdan sağ və sol sahil suvarma kanalları vasitəsilə 20,5 kubmetr su götürülür ki, bu da Ağdaş rayonunun 60 yaşayış məntəqəsinin və Ucar rayonunun 6 kəndinin əkin sahələrinə xidmət edir. Uzun müddət istifadə olunan qurğu nasaz vəziyyətdə olduğundan təmir-bərpa işləri aparılıb.

Su ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində görülən işlərdən danışan Ağdaş Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Hacıyev bildirib ki, qurğuda 2013-cü ildə əsaslı təmir işləri aparılıb. Rayonda 25252 hektar əkin sahəsi mövcuddur ki, bu sahələr də Türyançay su qovşağı və suvarma kanalları vasitəsilə suvarılır. Yay aylarında su qıtlığı dövründə isə Yuxarı Şirvan kanalından qidalanma vasitəsilə suvarma həyata keçirilir.

Hazırda sahələrin suvarılması üçün 4,5 kubmetrdən çox sudan istifadə olunur. Havaların yağıntılı keçməsi ilə əlaqədar əkin sahələrinə olan su tələbatı azalıb. Ancaq yaz aylarında bu qurğudan 20 kubmetr saniyəyə qədər su götürmək mümkündür. Rayonu suvarma suyu ilə təmin edən kanalların ümumi uzunluğu isə 1518 kilometrdir. Bu kanallar uzun illər istifadə olunduğundan müəyyən hissələrində bərpa işləri aparılıb.

Əhliman Hacıyevin sözlərinə görə, Ağdaş rayonunun əsas su arteriyasından biri sağ sahil suvarma kanalıdır. Kanalın uzunluğu 27 kilometr, su sərfi 10 kubmetr/saniyədir. Bu kanal vasitəsilə 1700 hektara yaxın əkin sahəsi suvarma suyu ilə təmin olunur. 2013-cü ildə kanalın beton üzlüyə alınması işlərinə başlanıb. İki kilometrə yaxın hissədə betonlanma işləri görülüb, cari ildə də 1,1 kilometr hissəsinin betonlaşması işləri planlaşdırılıb.

Rayonda olan 1533 kilometr suvarma kanalının 300 kilometri beton kanallar, yerdə qalanları isə torpaq məcralıdır. Həmin kanallarda da suvarma mövsümünə hazırlıq üçün lildən təmizləmə işləri aparılır. Hazırda Ağdaşda 13122 hektar taxıl sahəsi var və bu sahələrin də torpaq suvarılması başa çatdırılıb. Birinci vegetasiya suvarılması isə hazırda davam edir. Eyni zamanda, 3500 hektara yaxın bağ sahələrində, çoxillik əkmələrdə də suvarma gedir.

Ağdaşda həm bağçılıq, həm də taxılçılıqla məşğul olan fermerlər hələ ki, su ilə bağlı bir problemin yaşanmadığını söyləyirlər. Onların sözlərinə görə, sahələrə vaxtında çatdırılan su bu il məhsuldarlığın da artmasına səbəb olacaq.

Qeyd edək ki, Ağdaş rayonunda bağçılıq və taxılçılıqla yanaşı, 2000 hektardan artıq sahədə yem bitkiləri və yonca da əkilib. Bu sahələrin də suvarılması Ağdaş Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilir.
Müəllif: Anar | 7-04-2021, 20:59
Oxunub: 9
    
Reklam