» » Azərbaycan Qaz İxrac edən Ölkələr Forumu Nazirlərinin görüşündə iştirak edir

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumu Nazirlərinin görüşündə iştirak edir

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumu Nazirlərinin görüşündə iştirak edir

Noyabrın 11-də Qaz İxrac Edən Ölkələr Forumu (GECF) Nazirlərinin Dəyirmi Masası işinə başlayıb. Noyabrın 12-də isə GECF Nazirlərinin 22-ci Görüşü keçiriləcək. Onlayn formatda təşkil olunan görüşlərdə təşkilata üzv və müşahidəçi ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edir.

Energetika Nazirliyindən bildirilib ki, COVID-19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri mövzusuna həsr olunan Dəyirmi Masa GECF Nazirlər Görüşünün Prezidenti, Əlcəzair Xalq Demokratik Respublikasının energetika naziri Abdelmadjid Attarın giriş nitqi və Baş katib Yuri Sentyurinin salamlama nitqi ilə başlayıb.

Dəyirmi Masada energetika naziri Pərviz Şahbazov çıxış edib. Azərbaycanın müəllifi olduğu enerji layihələrinin regionun və Avropanın enerji xəritəsini dəyişdirdiyini vurğulayan Nazir qeyd edib ki, “Bizim əsas hədəfimiz enerji təhlükəsizliyinin təmini və bu prosesdə istehsalçı, tranzit və istehlakçı ölkələr arasında möhkəm əməkdaşlığa nail olmaqla qlobal inkişafa töhfə verməkdir”.

Çıxışda bildirilib ki, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin tamamlanması ilə Gürcüstan və Türkiyə bazarlarından sonra Azərbaycan təbii qazı ilk dəfə olaraq Avropa bazarına daxil olacaq. 16 mlrd. m3 qazın Cənub Qaz Dəhlizi ilə Türkiyə və Avropanın istehlakçılarına çatdırılmasının artıq gerçəyə çevrildiyi, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərinin gələcəkdə əlavə qaz həcmlərinin nəqlini təmin edə biləcək genişlənmə potensialına malik olduğu, cari ilin on ayı ərzində Türkiyəyə qaz ixracının 20% artdığı diqqətə çatdırılıb.

Azərbaycanda ümumilikdə qaz hasilatı haqqında məlumat verilərək bildirilib ki, ölkəmizdə bu il 38 mlrd. m3 proqnozlaşdırılan qaz hasilatının 2024-cü ildə təxminən, 50 mlrd. m3-ə çatacağı gözlənilir. Cənub Qaz Dəhlizinin resurs mənbəyi olan “Şahdəniz” yatağından illik hasilatın bu il 19 mlrd. m3, 2024-cü ildə isə 27 mlrd. m3-ə qədər artacağı proqnozlaşdırılır.

Pərviz Şahbazov çıxışında, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Azərbaycanın 30 illik münaqişəyə son qoyan tarixi qələbəsinə toxunub, ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpasını təmin edən bu möhtəşəm qələbənin qaz təchizatı, enerji təhlükəsizliyi, o cümlədən regional təhlükəsizliyin də möhkəm qarantı olacağını qeyd edib.
Qeyd edək ki, GECF Nazirlərinin Dəyirmi Masası iki sessiyada işini davam etdirəcək. Tədbirdə Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela kimi GECF üzv ölkələri ilə yanaşı, müşahidəçi üzvlər Azərbaycan, İraq, Qazaxıstan, Malayziya, Norveç, Oman, Peru və Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndələr də iştirak edirlər.

Xatırladaq ki, 12 noyabr tarixində Bakı vaxtı ilə saat 16:00-da başlayacaq GECF Nazirlərinin 22-ci Görüşünün açılış sessiyasında da energetika naziri Pərviz Şahbazovun çıxışı nəzərdə tutulub.
Müəllif: Anar | 11-11-2020, 16:01
Oxunub: 241
    
Reklam