» » Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulmuş vəzifələri əzmlə yerinə yetirir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulmuş vəzifələri əzmlə yerinə yetirir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulmuş vəzifələri əzmlə yerinə yetirir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 8 il ötür


13 fevral – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Xidmət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə yaradılıb.
AZƏRTAC qurumun ötən səkkiz ildəki fəaliyyəti ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun məqaləsini təqdim edir.
Müasir müstəqil Azərbaycanın bugünkü dinamik inkişafı, dünyada böyük nüfuz və söz sahibi olması ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev böyük qətiyyət və əzmkarlıqla ölkəmizi sabitlik və təhlükəsizlik məkanına çevirib. Azərbaycanın beynəlxalq müstəvidə ikitərəfli əlaqələri sürətlə genişlənir, çoxtərəfli formatda uğurlu əməkdaşlıq səmərəli nəticələr verir.
Ötən il də ölkəmiz üçün uğurlu oldu, Azərbaycan müstəqillik və inkişaf yolu ilə daha inamla addımladı. İlin sonunda ABŞ-ın “U.S.News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqladı. Azərbaycan siyahıda 80 ölkə arasında 45-ci yerdə qərarlaşdı, hətta bir neçə Avropa ölkəsini geridə qoydu. Siyahı tərtib edilərkən ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi və bir sıra digər amillər nəzərə alınıb.
2019-cu il Azərbaycan tarixində, eyni zamanda, dərin islahatlar ili kimi yadda qaldı. İqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatları, o cümlədən struktur dəyişikliklərini ölkəmizin gücünün və imkanlarının daha da artırılması baxımından tarixi nailiyyət kimi qəbul etmək olar. Azərbaycan xalqı öz taleyini böyük inamla etibar etdiyi Prezident İlham Əliyevin apardığı siyasəti bu gün birmənalı olaraq dəstəkləyir. Dövlətimizin başçısı isə xalqın bu etimadına arxalanaraq daxili və xarici aləmdə müstəqil, milli maraqlara xidmət edən siyasət yürüdür. “Mən xalqımın bir nömrəli xidmətçisiyəm”, - deyən Prezident İlham Əliyevin vətəndaşların rifahı naminə həyata keçirdiyi islahatlar, xalq-iqtidar birliyi qazanılan böyük uğurların əsas mənbəyidir. Bu isə onu göstərir ki, ölkəmizin müstəqillik yolu ilə irəliləməsinə mane olmaq mümkün deyil.
Məlum olduğu kimi, 2019-cu il oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi və 120 ölkənin yekdil qərarı ilə Azərbaycan üç il ərzində BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrlik edəcək. Bu, ölkəmizə göstərilən böyük etimaddır və sübut edir ki, dünya birliyi Azərbaycanı dəstəkləyir və ona böyük hörmətlə yanaşır.
Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi respublikamızın hərbi qüdrətinin formalaşdırılması müvəffəqiyyətlə həyata keçirilib. Azərbaycanın vahid komandanlıqdan idarə olunan nizami, yüksək döyüş qabiliyyətinə malik Silahlı Qüvvələrinin sürətli inkişafı istiqamətində əsaslı addımlar atılıb.
Prezident İlham Əliyev Ordumuzun döyüş qabiliyyətinin artırılmasını, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsini hər zaman xüsusi diqqətdə saxlayır. Bu diqqətin nəticəsidir ki, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, “Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır... Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək”.
Əlbəttə, dövlətimizin başçısının bu fikri Silahlı Qüvvələrimizin inkişafının əsas istiqamətlərini və hədəflərini tam ifadə edib. 2016-cı ilin Aprel döyüşlərində düşmənə sarsıdıcı zərbələrin endirilməsi, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində qazanılmış Günnüt zəfəri, həmçinin Azərbaycan sərhədçilərinin 2019-cu ildə Qazax rayonunda Babakar istiqamətində əldə etdikləri ciddi uğurlar Silahlı Qüvvələrimizin qüdrətini nümayiş etdirir.
Keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistanın ölkəmizə təcavüzü nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. 1993-cü ildən bəri bu qətnamələr yerinə yetirilmir. Azərbaycan dövləti bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərini demək olar ki, təkbaşına həll etməkdədir. Təkcə 2019-cu ildə 5 mindən çox məcburi köçkün, 800-ə yaxın şəhid ailəsi üçün yeni mənzillər, evlər tikilib. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bir daha vurğulayıb: “Bizim ardıcıl, düşünülmüş siyasət münaqişənin həllinə gətirib çıxaracaq. İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım – bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında bəyan etdiyi “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!” fikri hər bir hərbi qulluqçu üçün konkret vəzifələri bir daha dəqiqləşdirdi.
Bu il yanvarın 13-də Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev hərbi sahədə nailiyyətlərimizi konkret faktlarla təqdim etdi ki, “Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir”.

Səfərbərlik və hərbi xidmətə çağırış ölkəmizin müdafiəsinin mühüm tərkib hissəsidir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli Fərmanına əsasən, müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında yaradılıb. Ötən 8 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək hərb quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib. Müvafiq mərkəzi icra hakimiyyəti orqanı olaraq dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə Xidmət tərəfindən əsaslı tədbirlər görülüb, səfərbərlik hazırlığı, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilib.
Gənclərimizin ən mühüm vəzifələrindən biri Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borclarını yerinə yetirməkdir. Fərəhli haldır ki, bu gün gənclərimiz dövlət qarşısında Konstitusion borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə böyük həvəslə gedirlər. Çünki onlar hərbi xidmət dövründə təlim və məşğələlərdə döyüş hazırlığını artırır, mənəvi-psixoloji cəhətdən daha da möhkəmlənirlər. Xidmət tərəfindən təşkil edilən ictimaiyyətin, şəhər və rayonların icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanları əməkdaşlarının, təhsil işçilərinin, ziyalıların, ağsaqqalların, Qarabağ müharibəsi veteranlarının, valideynlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə vətəndaşların ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yolasalma və ehtiyata buraxılan hərbi vəzifəlilərin qarşılanmaları ilə bağlı təşkil edilən təntənəli mərasimlər cəmiyyətdə rəğbətlə qarşılanır və böyük ruh yüksəkliyi yaradır.
Xidmətdə müxtəlif sahələr üzrə əldə olunan nəticələr əvvəlki illərin göstəricilərindən xeyli yüksəkdir. Ötən dövr ərzində səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə bir sıra tədbirlər həyata keçirilib. Qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün maddi-texniki bazanın gücləndirilməsi və şəxsi heyətin iş şəraitinin yaxşılaşdırılması olduqca zəruri məsələlərdəndir. Dövlətimizin qayğısı nəticəsində artıq səkkiz il ərzində bir neçə rayonda SHXÇDX-nin yerli struktur bölmələrinin yeni inzibati binaları istifadəyə verilib. Ötən il Xidmətin Goranboy Rayon Şöbəsinin yeni inzibati binasının açılışı olub, Lənkəran Rayon Şöbəsinin xidməti şəraiti yaxşılaşdırılıb. Qəbələ, Göygöl və Qax rayon şöbə və bölmələrinin yeni inzibati binalarının inşası başa çatdırılıb, Siyəzən rayonunda isə inşaat işləri davam etdirilir. O cümlədən işğal altında olan Xocavənd rayon əhalisinin, hərbi vəzifəlilərin, çağırışçıların səfərbərlik və hərbi xidmətə çağırış kimi mühüm işlərinin icrasını daha mütəşəkkil qaydada təmin etmək məqsədilə Xidmətin yerli struktur bölməsi yaradılıb.

Hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilir

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, yeniyetmə və gənclərdə Vətənə məhəbbət hissinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin aşılanması, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb və ötən il ərzində respublika əhəmiyyətli bir çox tədbirlər keçirilib.
Vətəndaşlar arasında hərbi vətənpərvərlik işinin aparılması ilə əlaqədar respublikanın bir sıra rayon və şəhərlərində “Vətənin müdafiəsinə hazıram!” devizi altında vətənpərvərlik xarakterli silsilə kütləvi tədbirlər keçirilib, eyni zamanda, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Cəsurlar” və “Şahinlər” hərbi-idman oyunlarında Xidmətin yerli idarə, şöbə və bölmələrinin hərbi qulluqçularının yaxından iştirakı və müvafiq köməkliyin göstərilməsi təmin olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vətənpərvərlik tərbiyəsinin daha geniş müstəvidə təbliği məqsədilə ötən il tərəfdaş qurumlarla – “Bakı Metropoliteni” QSC ilə əməkdaşlıq çərçivəsində Bakı metrosunun stansiyalarında, “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Vağzalında və sərnişin stansiyalarında, Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində quraşdırılmış monitorlarda SHXÇDX-nin vətənpərvərlik mövzusunda hazırladığı iki videoçarxın yayımına başlanıb. Belə bir platformanın həyata keçirilməsi rəğbətlə qarşılanıb. Buna görə də müddətli həqiqi hərbi xidmətə çağırış dövründə əhalinin sıx olduğu ictimai yerlərdə və daha çox istifadə etdiyi ictimai nəqliyyat infrastrukturlarında da bu istiqamətdə işlər davam etdirilir. Respublikanın bütün şəhər və rayonlarının əsas küçə və prospektlərində də hərbi vətənpərvərlik mövzusunda banerlərin quraşdırılması həyata keçirilib, monitorlarda slaydlar yerləşdirilib.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Silahlı Qüvvələrə xüsusi hərbi ixtisaslar üzrə peşəkar kadrların hazırlığı aparılır.
Ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandırır və deyirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, demək olar ki, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Gəncliyə və gənclərə etimad artıq öz təsdiqini tapmaqdadır. Bu gün gənc nəslin düzgün formalaşması ölkəmizin ictimai-siyasi həyatında önəmli yer tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Əlbəttə, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə güclərini səfərbər etməli, Vətənin inkişafı üçün səylə çalışmalı, onlara arxalanan ölkə başçısının etimadını doğrultmalı, hər an Ali Baş Komandanın verəcəyi əmrə hazır olmalıdırlar.

Vətəndaş məmnunluğu

Bu gün ölkəmizdə aparılan siyasətin mərkəzində insan amili dayanır. Ölkə rəhbərliyi səviyyəsində aparılan işlərin əsas hədəfi vətəndaşlara xidmət, vətəndaş məmnunluğunun təmin edilməsidir. Azərbaycan Respublikası Prezidentinin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və müavinlərinin regionlarda vətəndaşların qəbulunun keçirilməsi, onların təklif, şikayət və rəylərinin öyrənilməsi, qanuni tələblərinin yerinə yetirilməsi, eyni zamanda, vətəndaş məmnunluğunun təmin edilməsinə dair tapşırığının icrası ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi və Xidmət rəisinin müavinləri tərəfindən respublikanın regionlarında və Xidmətin Aparatında vətəndaşların qəbulunun keçirilməsi təşkil edilib. Qəbul zamanı bir sıra müraciətlər yerində həllini tapıb, araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınaraq icrası ilə əlaqədar müvafiq tədbirlər görülüb, Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər baxılması üçün aidiyyəti qurumlara göndərilib.
Elektron xidmətlərin göstərilməsi və aidiyyəti qurumlar arasında inteqrasiyanın yaradılması istiqamətində müvafiq işlər davam etdirilib, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə inteqrasiya işləri yekunlaşdırılıb. Dövlət qurumları ilə inteqrasiya prosesi vətəndaşların xidmətalma imkanlarını kifayət qədər sadələşdirməklə rahatlıqlarının təmin edilməsi istiqamətində irəliyə atılmış daha bir addım olub. Məsələn, Dövlət İmtahan Mərkəzi ilə inteqrasiya nəticəsində çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan təhsilə görə möhlətin verilməsi üçün Azərbaycan Respublikası daxilində ali və ilk peşə ixtisası təhsil müəssisələrində təhsil alan vətəndaşlar barədə məlumatların elektron qaydada alınması və avtomatik olaraq Xidmətin “Vahid elektron informasiya sistemi”nə yüklənməsi həyata keçirilir. Eləcə də bu inteqrasiya ilə ali təhsil müəssisələrinə qəbul imtahanına sənəd verən çağırışçılara imtahana buraxılmalarına görə möhlət verilməsi üçün elektron ərizə məlumatlarının alınması təmin edilir.
Həmçinin Dövlət Miqrasiya Xidməti ilə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətilə bağlı müvafiq sorğuların elektron qaydada mübadiləsi işi təşkil edilib.
Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi məqsədilə, “Elektron hökumət” portalına inteqrasiya edilib, çağırışçılara və hərbi vəzifəlilərə inzibati qayda pozuntularına görə protokolların yazılması və cərimələrin tətbiq edilməsi üçün Xidmətin “Vahid elektron informasiya sistemi”ndə müvafiq modullar hazırlanaraq cərimələr barədə məlumatların “ASANPAY” ödəniş sisteminə ötürülməsi üçün servislər yazılıb.
Vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi, vətəndaş məmnunluğunun və şəffaflığın təmini ilə bağlı çağırışçıların müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə təyin olunmaları barədə məlumatlar hər çağırış qabağı SMS vasitəsilə çağırışçıların mobil telefon nömrələrinə göndərilir, eyni zamanda, Xidmətin saytında yerləşdirilir.
Göstərilən xidmətlərin operativliyinin təmin olunması və işin keyfiyyətinin artırılması məqsədilə Xidmətin “Vahid Elektron İnformasiya Sistemi”ndən istifadə edilməsi üçün proqram təminatı da hazırlanaraq istifadəyə verilib, həmçinin “ASAN xidmət” mərkəzləri ilə Xidmətin Aparatı, o cümlədən yerli idarə, şöbə və bölmələri arasında daxili rabitə əlaqəsinin qurulması təmin edilib.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli Fərmanına əsasən, Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında, həmçinin tabelikdə olan struktur bölmələrdə vətəndaşların müraciətlərinə baxılması işində səmərəliliyin artırılması, vətəndaş müraciətlərinə daha diqqətlə yanaşılması, ərizə və şikayətlərin araşdırılması və yaranmasına səbəb olan amillərin təhlili, narahatlıq doğuran məsələlərin müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb, “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin sayı artırılıb, Xidmətin “ASAN xidmət” mərkəzlərinə ezam edilmiş əməkdaşları tərəfindən Xidmətin səlahiyyətlərinə aid olan müraciətlərin qanuna müvafiq qaydada həll edilməsi təmin edilib, bu da öz növbəsində vətəndaşlar tərəfindən müsbət qarşılanıb. Ümumilikdə, 2019-cu il ərzində 39 min 943 vətəndaş SHXÇDX-nin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən nümayəndələrinə müraciət edib və 39 min 120 nəfər vətəndaşın müraciəti müsbət həll edilib, digər müraciətlər aidiyyəti üzrə yönləndirilib.
Şəhid ailələrinə, müharibə əlilləri və veteranlarına Xidmət tərəfindən daim diqqət göstərilir. Ötən il daha bir yeni layihənin əsası qoyulub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti respublikamızın bütün şəhər və rayonlarında Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən Novruz bayramı, Qurban bayramı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə, o cümlədən dekabrın 1-də və 2-də könüllülük hərəkatının üzvləri olan gənclərin iştirakı ilə “Azərbaycan Könüllülük Həftəsi” layihəsinin “ŞəhidimİZ” kampaniyası çərçivəsində şəhid ailələrinə ziyarət təşkil edib və onlara sovqat çatdırılıb.

Xidmətin beynəlxalq əlaqələri

Xidmətin beynəlxalq əlaqələri sahəsində müəyyən işlər həyata keçirilib. Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ötən dövr ərzində də tədbirlər həyata keçirilib, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasına yeni təyin olunmuş hərbi attaşesi ilə, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə, türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüşlər keçirilib. Eyni zamanda, Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilmiş və Gürcüstanda keçirilmiş iki dövlətin qurumlarının nümayəndələrinin işçi görüşündə Xidmətin əməkdaşının iştirakı təmin olunub.
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə tədbirin keçirilməsi təşkil edilib.

Kadr və kadr hazırlığı

Xidmətin savadlı və bacarıqlı əməkdaşlarla komplektləşdirilməsi işi prioritet olaraq nəzarətdə saxlanılıb. 2019-cu il ərzində də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində həqiqi hərbi xidmətə və mülki işə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar müvafiq qaydada test imtahanlarına cəlb olunub, onların fiziki hazırlıqları və sağlamlıq vəziyyətləri yoxlanılıb, barələrində yoxlama tədbirləri həyata keçirilib, müsbət nəticə əldə etmiş şəxslər həqiqi hərbi xidmətə və işə qəbul ediliblər.
Ötən il Prezident İlham Əliyev tərəfindən genişmiqyaslı sosial paket təqdim edilib və bu sosial paket 4 milyon 200 min əhalini əhatə edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində, həmçinin dövlət qulluqçularının, dövlət qulluqçusu olmayan mülki işçilərinin əməkhaqları əhəmiyyətli dərəcədə artırılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləyən işçilərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, onların ailə üzvlərinin sağlamlıqlarının qorunması məqsədilə, “Həmkarlar ittifaqı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Xidmətin ilk həmkarlar ittifaqı təşkilatı təsis edilib və il ərzində işçilərin sosial-rifah halının yüksəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hər bir əməkdaşı xalqa, dövlətə sədaqətlə xidmət edir və yaxşı bilir ki, bu xidmətin alternativi yoxdur.
Müəllif: jurnalist | 13-02-2020, 06:00
Oxunub: 12
    
Reklam