» » Yaşar Nurinin 65 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçirilib

Yaşar Nurinin 65 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar Nurinin 65 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən gecədə mədəniyyət və incəsənət xadimləri, sənətkarın sənət dostları və yaxınları iştirak edib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək unudulmaz sənətkarın həyat və yaradıcılığı, sənət fəaliyyətindən söz açıb. Onun Azərbaycanın mədəni həyatındakı müstəsna xidmətlərindən danışaraq bildirib ki, biri-birindən maraqlı obrazlar yaradan aktyorun teatr və kino sənətinin inkişafında, formalaşmasında əvəzsiz xidmətləri olub: "Yaşar Nuri teatr aktyoru kimi tanınmaqla yanaşı, həm də məşhur kino ustası kimi sevilib. Ona böyük populyarlıq qazandıran ekran əsərləri, 50-dək bədii filmdə yaratdığı obrazları sənətkara geniş tamaşaçı auditoriyası qazandırıb. Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasında yüzdən çox televiziya tamaşasında yaratdığı obrazlarla biri-birindən maraq doğuran bədii kompozisiyalar və satirik səhnəciklərdə iştirak edərək tamaşaçılar tərəfindən hər zaman sevilib, alqışlanıb. Belə ki, onlardan “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, “Göz həkimi”, “Ac həriflər” və başqa televiziya tamaşalarını misal göstərmək olar. Buna görə də Yaşar Nuri əsl sənətkar kimi hər zaman xalqın yaddaşında əbədi yaşayacaq".

Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, xalq artisti Azər Paşa Nemət Yaşar Nurinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışaraq onun yaratdığı obrazlar qalereyasına nəzər salıb. O, qeyd edib ki, Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və estrada, o cümlədən aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik və karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilməklə yanaşı, böyük tamaşaçı qəlbinə yol tapa bilib.

Sənətkarın yaxınlarının və sənət dostlarının qatıldığı tədbirdə Xalq artistinin həyat və yaradıcılığından söhbət açılıb. Çıxışlarda müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Yaşar Nuri zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verdiyi qeyd olunub.

Tədbirdə sənətkarın vaxtı ilə iştirak etdiyi səhnə əsərlərindən fraqmentlərlə təqdim olunub.
Müəllif: jurnalist | 16-11-2016, 08:07
Oxunub: 251
    
Reklam