» “Rossiya-24” telekanalının “Hakimiyyət formulu” verilişinin növbəti qonağı Şeyxülislam Allahşükür Paşazadə olub

“Rossiya-24” telekanalının “Hakimiyyət formulu” verilişinin növbəti qonağı Şeyxülislam Allahşükür Paşazadə olub

“Rossiya-24” telekanalının “Hakimiyyət formulu” verilişinin növbəti qonağı Şeyxülislam Allahşükür Paşazadə olub
“Rossiya-24” telekanalının “Hakimiyyət formulu” verilişinin növbəti qonağı Şeyxülislam Allahşükür Paşazadə olub

Rossiya-24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişinin uzun illərdir tamaşaçılar arasında çox populyar olması heç kimə sirr deyil. Onun əvəzsiz müəllifi və aparıcısı həmvətənimiz, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandır.

“Hakimiyyət formulu” silsiləsindən növbəti verilişin qəhrəmanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə olub.


Jurnalist: Bakı. Noyabrın 14-15-də burada Dünya dini liderlərinin II Bakı Sammiti keçirilib. Hələ 2010-cu ildə beynəlxalq aləmdə qəbul edilmiş bu Sammitdə dünyanın 70 ölkəsindən siyasi, ictimai, elm və din xadimləri iştirak ediblər. Moskvanın və bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirill Bakı Sammitinin fəxri qonağı olub. Bu genişmiqyaslı görüşün keçirilməsi təşəbbüsünü Azərbaycan Prezidenti İlham Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə irəli sürüb. Rusiya Prezidenti Vladimir Putin Sammit iştirakçılarına təbrik məktubu göndərib. Məktubda Rusiyanın mərkəzi müsəlman təşkilatları ilə Rus Pravoslav Kilsəsinin səmərəli əməkdaşlığının möhkəmlənməsinə, qədim dostluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafına Şeyxülislamın töhfəsi xüsusi qeyd edilib. Sammitin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.

Prezident İlham Əliyev deyir: Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir.

Jurnalist: Şeyxülislam Allahşükür Paşazadə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük nüfuz sahibidir. O, dinlər və xalqlar arasında dialoqun ardıcıl tərəfdarıdır. Bu il Allahşükür Paşazadə anadan olmasının 70 illiyini və Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsində çalışmasının 40 illiyini qeyd edir. Sammit bu yubileyə həsr edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Şeyx həzrətləri Azərbaycanın ali ordeni – “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Hacı Allahşükür Hümmət oğlu Paşazadə 1949-cu il avqustun 26-da Azərbaycanda anadan olub. 1968-ci ildə Buxarada Miri Ərəb Mədrəsəsinə daxil olub. 1975-ci ildə Daşkənd İslam İnstitutunu bitirib və Təzəpir məscidinin axundu təyin edilib. 1980-ci ildən Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri olub. Şeyxülislam ruhani tituluna layiq görülüb. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. 1992-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədridir.

II Bakı Sammiti günlərində “Hakimiyyət formulu” verilişinin yaradıcı heyəti möhtərəm Şeyxülislamla görüşüb.

Mixail Qusman: Möhtərəm şeyx, sizinlə görüşmək imkanı yaratdığınıza görə çox sağ olun. Azərbaycan Prezidenti ilə birlikdə siz bu Sammitin təşəbbüskarısınız. Bu tədbirdən nə gözləyirsiniz? Bu Sammitə kimlərin gələcəyini gözləyirsiniz? Ümumiyyətlə, planetin dini həyatında xüsusi yer tutacaq bu Sammitin qarşısında hansı hədəfləri qoyursunuz?

Allahşükür Paşazadə: Bismillahir-rəhmanir-rəhim. Bu gün dünyada mürəkkəb proseslər gedir. Təbii ki, insanlar bir-birini tanımalı, bir-birini başa düşməli, baş verən hadisələrə öz münasibətini bildirməlidirlər. Mən Şeyxülislam kimi 40 ildir bu vəzifəni tuturam. Bu müddətdə mənim dostlarım, yoldaşlarım çox olub və dinindən, dilindən asılı olmayaraq, onlarla əlaqə saxlamışam və saxlayıram. Bu gün onlardan bəzilərini xatırlamaq istəyirəm. Bu gün patriarxları xatırlamaq istəyirəm. Zati-müqəddəsləri Patriarx Pimen və II Aleksi ilə tanış idim və dəfələrlə onlarla görüşmüşəm. Allah onlara rəhmət eləsin. Bu gün də xoşbəxtəm ki, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill kimi şəxsiyyətdir. Biz bütün məsələlərdə bir-birimizlə məsləhətləşirik və o, xeyir-dua verir. Bu, bizim üçün çox vacib dostluq və qardaşlıq nümunəsidir.

Patriarx Kirill deyir: Mən Azərbaycan hökumətinin, bu Sammitin qonaqpərvər sahibi Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə böyük sevinclə Bakıya gəlmişəm. Bu zala müxtəlif dini ənənələrin nümayəndələri toplaşıblar. Dinlərin obyektiv fərqinə baxmayaraq, biz ictimai tərbiyə məsələlərinə eyni cür baxırıq. Bizim ümumi borcumuz və birgə vəzifəmiz insanın həyatında mənəvi istiqamətləri göstərməkdir. Əminəm ki, dini liderlər dialoq yolu ilə bu gün bəşəriyyətin rastlaşdığı problemlərə ciddi təsir göstərə bilərlər. Bizim səsimiz o vaxt inandırıcı olar ki, birlikdə və həmrəyliklə səslənsin.

Jurnalist: Noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva Patriarx Kirill ilə görüşüblər. Onlar Rus Pravoslav Kilsəsinin rəhbərini səmimi salamlayıblar. Azərbaycanda Pravoslav icması Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mənəvi himayəsindədir. Patriarx Kirill Müqəddəs Məryəm ananın Milad Kilsəsində olub. Hazırda orada qızğın yenidənqurma işləri aparılır. Patriarx Kirill daha sonra Bakıda bu yaxınlarda bərpa işləri başa çatdırılmış Müqəddəs Mirodaşıyan Qadınlar Məbədini ziyarət edib. Bu, Patriarx Kirillin Azərbaycana üçüncü səfəridir. Bundan əvvəl 2009-cu və 2010-cu illərdə Bakıda olub.

Allahşükür Paşazadə: Rus Pravoslav Kilsəsi həmişə, o cümlədən müsəlmanlara münasibətdə mühafiz, birləşdirici rol oynayıb. Cənab Patriarx Kirill bu yolda çox zəhmət çəkib. Biz çox yaxşı münasibət saxlayırıq. Zati-müqəddəsləri Patriarx Kirillin Azərbaycana hər səfəri bizim xalqımız üçün bayramdır. Patriarx Kirill də öz növbəsində Azərbaycana, Azərbaycan xalqına eyni dərəcədə hörmət bəsləyir. Onu da əlavə etmək istəyirəm ki, bu gün Patriarx Kirill ilə biz MDB ölkələri Dinlərarası Şurasının həmsədrləriyik.

Jurnalist: 2009-cu ildə Təzəpir məscidi bərpa işlərindən sonra dindarlar üçün açılıb. Şeyxülislam Allahşükür Paşazadə ilə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill arasında ilk görüş də o vaxt olub.

Mixail Qusman: Möhtərəm şeyx, siz qeyd etdiniz ki, Patriarx Pimen və Patriarx Aleksi ilə də səmimi tanışlığınız olub. Onların ruhları şad olsun. Hazırda siz Patriarx Kirill ilə sıx əlaqə saxlayırsınız. Siz bütövlükdə rəhbərlik etdiyiniz Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsi arasında əlaqələri necə qiymətləndirirsiniz?

Allahşükür Paşazadə: Bu münasibətləri qiymətləndirmək, bu haqda öz fikrimi ifadə etmək üçün, əlbəttə, sovet dövrünü xatırlamaq lazım gələcək. Sovet dövləti bizi birləşdirib. Sovetlər kommunist rejimi, Allahsız rejim idi, lakin sovet illərində yaşamış insanların münasibətləri bu gün də davam edir. Mən də sovet dövründə yaşamışam və deməliyəm ki, bizim bugünkü münasibətlərimizin təməli o dövrdə qoyulub. Bu, həm siyasi, həm dini, həm də mədəni baxımdan hiss olunur. Demək istəyirəm ki, bizim insanlar həmişə öz xalqını, öz dövlətini müdafiə ediblər. Sovet xalqı faşizm ilə müharibədən qalib çıxıb. Bu Qələbədə bütün dinlərin, bütün xalqların nümayəndələrinin xidməti var. Mən bilirəm ki, müharibə illərində insanlar öz qiymətli zinət əşyalarını, paltarlarını Təzəpir məscidinə gətirir, bunları cəbhəyə kömək üçün təhvil verirdilər. Pravoslav Kilsəsi böyük işlər görürdü. Yəni, ideya vardı, bizi birləşdirən ruh vardı. Bu, müqəddəs ruh idi. Bu ruh uğrunda mübarizə aparanlar, bu ruh naminə həlak olanlar bu gün torpaq altında yatırlar. Mən Rusiya Prezidenti Vladimir Putinə təşəkkürümü bildirirəm ki, o, Aşqabadda bu məsələyə - Böyük Qələbənin 75 illiyinin bayram edilməsi məsələsinə xüsusi əhəmiyyət verdi. O, keçmiş Sovet İttifaqı məkanından olan bütün insanları birlikdə olmağa, bu şanlı tarixi birlikdə qeyd etməyə çağırdı.

Jurnalist: 2017-ci ilin sentyabrında Patriarx Kirillin vasitəçiliyi ilə Moskvada Azərbaycanın və Ermənistanın dini liderləri – Şeyxülislam Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu arasında görüş oldu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 30 ildir ki, davam edir və hələ də nizamlanmayıb. İşğal altında olan Dağlıq Qarabağın və ona bitişik ərazilərin azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə hələ də yerinə yetirilməyib.

Allahşükür Paşazadə: Bu gün Dağlıq Qarabağ problemi ilə, Suriyada, Yəməndə, İraqda, bütövlükdə müsəlman dünyasında baş verən hadisələrlə bağlı məsələlər, eləcə də Avropa ölkələrində antisemitizmin və islamofobiyanın artması dinlərarası qarşıdurmaya gətirib çıxara bilər və bu, bizi narahat etməyə bilməz. Məhz bu səbəbdən biz dünya dini təşkilatlarının rəhbərlərini buraya, Bakıya dəvət edirik.

Mixail Qusman: Möhtərəm şeyx. Siz Qafqaz müsəlmanlarının rəhbərisiniz. Sizin üçün gizli deyil ki, İslam dünyasının özündə vəziyyət sakit deyil. Siz dünyada islamofobiyanın artması barədə danışdınız. Digər tərəfdən, dünyada törədilən bir sıra terror aktlarını İslamla bağlayırlar. Sizin fikrinizcə, nə etmək lazımdır ki, İslam dünyasında sakitlik hökm sürsün, bir din kimi İslama münasibətdə yalançı, qərəzli hallar olmasın?

Allahşükür Paşazadə: Bu, çox vacib məsələdir. Biz din xadimlərini bu məsələ çox narahat edir. Bu gün antisemitizm, islamofobiya ilə yanaşı, xristianofobiya da yaranıb. Bu, Avropada, dünyanın digər regionlarında öz təsdiqini tapır. Əlbəttə, bu, bizi narahat edir. Mənim fikrimcə, burada bizim hər birimizin, hər bir dindar insanın, hər bir din xadiminin təqsiri var. Keçid dövründə, müstəqillik dövründə bəzi yerlərdə İslam bayrağı ilə pərdələnərək terrorizmə, qarşıdurmaya çağırırdılar və yenə çağırırlar. Bu, İslam deyil. İslam sülh və qardaşlıq dinidir. İslam dağıntılara və ölümə deyil, quruculuğa çağırır.

Jurnalist: “Bu isə Allah dərgahından olan lütf və nemət sayəsindədir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” Quran. Surə 49, ayə 8.

Azərbaycan çoxkonfessiyalı, çoxmillətli dövlətdir. Ölkədə sabitlik yalnız dini və milli dözümlülük olduqda mümkündür. Bu mənada, Azərbaycan nümunə ola bilər. Burada multikulturalizm ənənələri əsrlərboyu mövcuddur.

Allahşükür Paşazadə: Deməliyəm ki, Dünya dini liderlərinin Sammitinin Azərbaycanda keçirilməsinin təşəbbüskarı və bu işin təməlini qoyan ümummilli lider Heydər Əliyev olub. O dövrdə onun tövsiyəsi və tapşırığı ilə biz Bakıda Dinlərarası Dialoq üzrə Birinci Ümumdünya Sammitini keçirdik.

Jurnalist: Dövlətlə din arasında münasibətlərin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, 1990-cı illərin əvvəlində ölkədə hərc-mərcliyin hökm sürdüyü bir vaxtda hakimiyyətə gələndən dərhal sonra Azərbaycan cəmiyyətindəki bütün dini icmalara dost əlini uzatdı. Tolerantlıq ideyası dövlətin prioriteti elan edildi. 1997-ci il iyulun 23-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə Bibiheybət ziyarətgahında yeni məscid kompleksinin təməli qoyuldu. Heydər Əliyev Vatikanda Papa II İohann Pavel ilə görüşdü, beş ildən sonra isə Bakıda onu qəbul etdi. 2015-ci ilin martında Prezident İlham Əliyevin Vatikana rəsmi səfəri və Roma Papası Fransiskin cavab səfəri etimada əsaslanan münasibətlərin dərinləşdirilməsində növbəti addım oldu. Azərbaycan həm katolik, həm də pravoslav kilsəsi ilə əməkdaşlığa xüsusi diqqətlə yanaşır.

Mixail Qusman: Zati-müqəddəsləri Aleksandr, siz uzun illərdir ki, Azərbaycanda Yeparxiyaya rəhbərlik edirsiniz. Sizin fikrinizcə, bu illər ərzində Yeparxiyanın ən başlıca nailiyyəti nədən ibarət olub və mən sualı daha geniş şəkildə qoyuram, sizin fikrinizcə, Azərbaycanda pravoslav məzhəbi özünü nə dərəcədə rahat, inamlı və müstəqil hiss edir?

Aleksandr: Nailiyyətlərə gəldikdə, mən ən başlıca nailiyyət kimi onu qeyd etmək istərdim ki, biz bütün prixod kilsələrimizi qoruyub saxlaya bilmişik. Biz heç bir məbədi bağlamamışıq. Əlbəttə, 1990-cı illərin əvvəlindən başlanmış faciəli hadisələr fonunda məbədlərin bağlanacağı gözlənilirdi. Mən çox təşviş keçirirdim, lakin Ulu Tanrının köməyi ilə heç bir məbəd bağlanmadı. Üstəlik, biz yeni məbədlər açmağa başladıq.

Jurnalist: Azərbaycan dövləti tarixi-dini abidələrin qorunması üçün hər cür səy göstərir. Burada ən qədim ziyarətgahlar qayğı ilə qorunub saxlanır. Şəki şəhəri yaxınlığında Qafqaz Albaniyası dövlətinin kilsəsi, Bakıda Atəşpərəstlər məbədi, Şamaxıda 743-cü ildə tikilmiş, dünyada ən qədim məscidlərdən biri olan Cümə məscidi. Dövlətin maliyyə dəstəyi ilə pravoslav, katolik kilsələri, sinaqoqlar, alban-udi kilsəsi əsaslı şəkildə təmir edilib və ya yenidən inşa olunub.

Allahşükür Paşazadə: Bu gün xristian kilsəsində bir hadisə baş versə, Şeyxülislam ona kömək etməyə borcludur və kömək edir. Mənə bir ağsaqqal kimi müraciət edirlər. Əgər yəhudi icmasında bir çətinlik yaransa, mən özüm oraya gedib kömək edirəm. Eyni sözləri pravoslav kilsəsi haqqında da demək olar. Onlar da mənim yanıma gəlirlər. Biz əlbir işləyirik. Demək istəyirəm ki, Azərbaycanda başqa reallıqlar, başqa gerçəklik bərqərar olub. Təsəvvür edin ki, bu gün bizdə sünnilər və şiələr birlikdə namaz qılırlar. Bunu Azərbaycandan başqa heç yerdə görməzsiniz. Bizdə müsəlmanın kilsəyə və ya sinaqoqa getməsi, orada şam yandırması normal haldır. Yəni, Azərbaycanda yaranmış tolerantlıq şəraiti bütün dünya üçün yaxşı nümunə ola bilər.

Jurnalist: Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdi. Şiələr və sünnilər Heydər Məscidində vəhdət cümə namazı qıldılar. Bu sözün tərcüməsi birlik, qardaş kimi, yanaşı deməkdir. 2017-ci il “İslam Həmrəyliyi İli” elan edildi. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatında, həm də Avropa Şurasında iştirak edən azsaylı ölkələrdən biridir. Təsadüfi deyil ki, burada “Bakı Prosesi”nə start verilib.

Allahşükür Paşazadə: “Bakı Prosesi”ni – cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən mədəniyyətlərarası və dinlərarası dialoq prosesini yada salaq. İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan ölkələrin Xarici İşlər nazirlərinin görüşünü xatırlayaq. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində görülmüş işləri və bütün bunlarla bərabər, 2017-ci ildə Azərbaycanda Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi yaradılmasını, Azərbaycanda demək olar ki, hər ay müəyyən ümumdünya forumu keçirilməsini xatırlayaq.

Jurnalist: Şeyxülislam Allahşükür Paşazadə bu vəzifədə xidmət etdiyi uzun illər ərzində dövlətlə din arasında münasibətlərin formalaşmasında həlledici rol oynayıb. O, çoxsaylı yeniliklərin müəllifidir. Məsələn, o, Quranın Azərbaycan dilinə tərcüməsini və onun çap olunmasını təşkil edib.

Aleksandr: Əlbəttə, şeyx adi adam deyil, o, qeyri-ordinar insandır. Bu, şəxsiyyətdir. O, dini başlanğıcı həmişə birinci yerə qoyur. O, həmişə vurğulayır: “Biz din adamlarıyıq, biz siyasi fəaliyyətlə məşğul olmamalıyıq”. Digər tərəfdən deməliyəm ki, müsəlmanlarda üləma anlayışı var, bu, müsəlman alim deməkdir. Şeyx həm dindar müsəlman kimi, həm də dünyəvi insan kimi dərin təhsil görüb, tarix elmləri doktorudur. O, başqa insanların dini mentalitetini çox gözəl başa düşür. Başqa insanın daxili aləminə soxulmamaq, bu dünyaya heç vaxt zərər vurmamaq Azərbaycan üçün, həm də şeyx üçün səciyyəvi cəhətdir.

Allahşükür Paşazadə: Ramazan ayında, müsəlmanlar oruc tutan vaxt, başda Prezident İlham Əliyev olmaqla iftar süfrələrində həm müsəlman, həm xristian konfessiyalarının rəhbərləri, dünyanın bir çox ölkələrinin səfirləri, çoxsaylı siyasi xadimlər toplaşır və biz birlikdə iftar açırıq. Bu iftar təkcə müsəlmanlar üçün deyil. Bu hadisə bizi bərabərləşdirir, birləşdirir, bu, dövlət ilə din arasında münasibətlərin göstəricisidir. İkinci Bakı Sammiti günlərində elan edildi ki, Rusiya Prezidentinin Fərmanı ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri cəmiyyətdə mənəviyyatın, tolerantlığın artırılmasına, mədəni-dini sahədə xalqlar arasında etimad şəraiti yaradılmasına yönəlmiş aktiv ictimai fəaliyyətinə görə “Fərqlənmə nişanı” ilə təltif edilib.

Mixail Qusman: Möhtərəm şeyx, bu il siz 70 illik yubileyinizi qeyd etdiniz. Allaha şükür, siz çox yaxşı fiziki formadasınız, işlərinizə yekun vurmağınız hələ tezdir, lakin hər halda bu elə yaşdır ki, bir iş görməyə imkan verir. Siz artıq gənc nəslə müəyyən tövsiyə ilə çıxış edə bilərsiniz.

Allahşükür Paşazadə: Mənim üçün bütün insanlar bərabərdir, çünki onların hamısını Allah yaradıb. Onların hansı dinə mənsub olması əhəmiyyətli deyil, əhəmiyyətlisi budur ki, onlar mövcuddurlar. Biri xristian, digəri müsəlman, bir başqası yəhudi ola bilər. Onları Allah yaradıb və Ulu Tanrı istəyib ki, hər şey belə olsun. Sizinlə biz iki əsr ərzində iki dövlətdə yaşamışıq. Biz bu gün mövcud olmayan Sovet İttifaqı kimi dövlətin vətəndaşları olmuşuq. Biz bütün bunları görmüşük. Çox şey var ki, gənclər onu bilməlidirlər. Mən Sovet İttifaqı dövründə yaşamış və hazırda MDB məkanında müstəqil dövlətlərdə yaşayan çox adam tanıyıram. Bizim gəncliyimiz birlikdə keçib. Dünən Termezdən tələbə yoldaşım mənə zəng vurub, Özbəkistana dəvət edib. Bəzən Sibirdən, başqa yerlərdən zəng edirlər. Bizi bağlayan cəhətlər çoxdur. Mən bütün bunları itirmək istəmirəm. Mən istəyirəm ki, bunlar davam etsin, gənclər bunu bilsinlər. Gənclər bizim xalqlarımızın, dövlətlərimizin gələcəyidir. Din xadimi olmaq və bundan məmnunluq duymaq, yolunu azmış insanı doğru yola yönəltmək ən böyük xoşbəxtlikdir. Bu gün bizim borcumuz məhz bundan ibarətdir və bunu edirəm.

Jurnalist: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən)xəbərdardır”. Quran. Surə 49, ayə 13.

Müəllif: jurnalist | 28-11-2019, 09:20
Oxunub: 2
    
Reklam